Bu gün münasibətilə Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi və Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa filialının sədri Mirzahid Hacıyev II Dünya Müharibəsi Veteranı, Eynallı kənd sakini olan Əli babanın evində qonaq olmuşlar. Hüseynov Əli Hümbət oğlu 1924- cü ildə Ağstafa rayonun Eynallı kəndində anadan olmuşdur. 1942-ci ilin qarlı-şaxtalı dekabr ayında müharibəyə yola düşmüş, Mozdok istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. Əli baba qoruq əməkdaşlarına keçdiyi döyüş yolundan, müharibə xatirələrindən bəhs etmişdir.
Mirzahid Hacıyev həm I Qarabağ müharibəsi, həm də II Vətən Müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaətdən, igidlikdən söz açmışdır. 44 günlük Şanlı Vətən Müharibəsi iştirakçısı olmuş qoruğumuzun əməkdaşı Məmmədov Mehrac öz fikirlərini söyləmişdir. Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən, torpaqlarımızın azad edilməsindən, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan bəhs etmişdir. Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi olaraq Əli babaya uzun ömür, can sağlığı arzuayırıq.