Çəyirtkələr
Çəyirtkələr düzqanadlılar dəstəsinin çəyirtkəkimilər fəsiləsinə aid həşəratlardır.
Ölkəmizdə çəyirtkələr əsasən yovşanlı sahələrdə yaşayıb çoxalır. Bu çəyirtkələrin əsas yayılma mənbələri Ceyrançöl, Haramı düzü, Qarasu, Padarçöl və s. əraziləridir.
Keşikçidağ mağaralar kompleksi Ceyrançöl ərazisində yerləşdiyi üçün qoruq ərazində yay aylarında çəyirtkələrə daha çox rast gəlinir.
Çəyirtkələr qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın 2-7 sm dərinliyində keçirir. Dişi fərdlər 2-3 küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Çəyirtkənin sürfələri martın axırları və aprelin əvvəllərində görünməyə başlayırlar. Mühit şəraitindən asılı olaraq, sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar.
Çəyirtkələr poykiloter orqanizmlərdir, bədən temperaturaları, eləcə də davranışları ətraf mühit temperaturundan çox asılı olur.