“Zəfər günü” münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna yürüş təşkil olunmuşdur. Şəhid ailələrinin, qazilərin, Ağstafa GİKM-nin könüllülərinin və 20-yə qədər NİVA markalı avtomobilin iştirakı ilə 5 noyabr tarixində təşkil olunmuş “Zəfər yürüşü”ndə 10-a yaxın şəhid ailəsi, 20 nəfər qazi, 25-ə yaxın könüllü və 20 nəfər sürücü iştirak etmişdir. Belə ki, yürüş Ağstafa rayon Heydər Əliyev Mərkəzində yürüş iştirakçılarının Ulu Öndər Heydər Əliyevin heykəlini ziyarət etmələri ilə başlanmış, daha sonra avtomobil karvanının Keşikçidağ mağaralar kompleksinin ərazisinə yürüşü ilə davam etdirilmişdir. Qoruq ərazisində yerləşən informasiya mərkəzində tədbir iştikaçıları qarşılanmış, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş, ailə üzvləri şəhidlər haqqında xatirələrini bölüşmüşlər. Əslən Şuşadan olan alim, tarix üzrə elmlər doktoru İmaş Hacıyevin və qazilərin çıxışları olmuşdur. Daha sonra hər şəhidin xatirəsinə 5 ədəd ağac əkilmiş, 9 metrlik bayrağın ətrafında şəhidlərin şəkillərindən ibarət fləşmob keçirilmişdir. Sonda yürüş iştirakçıları üçün samovar çayı süfrəsi təşkil olunmuş və xatirə şəkli çəkilmişdir.