Hörmətli izləyicilərimiz bu gün sizlərə “göylərə baş çəkən Göyəzən dağı”ndan bəhs edəcəyik. Başı göylərə çatmasa da, “göylərə baş çəkən” bu dağın adını bütün Azərbaycan eşidib. Kiçik Qafqazın dağətəyi sahəsində günbəzformasında olan bu dağ Qazağın ən hündür dağı deyil, amma rayonun rəmzidir və əzəmətli görünür. Onu fəth etməyə çalışanlar və ən yüksək nöqtəsinə çıxmağa çalışanlar da çox olub.
Bu nadir geoloji təbiət abidəsi təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlib. Yer səthindən hündürlüyü 250 metrdir.
Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir, görənləri heyrətə salır. Mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpoud və Abbasbəyli kəndləri ərazisində yerləşir. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə, Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Qədim zamanlardan yerli sakinlər buranı “dünyanın mərkəzi” hesab etmişlər. Ətəyindəki dağdağan ağacı isə müqaəddəs ziyarətgaha çevrilmişdir.
Bundan əlavə Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olması güman edilir. Zirvəsi nisbətən düzənlik olub, geniş meydançanı xatırladır. Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilib. Dibində və ətəyində iri və qədim yaşayış yerinin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar, yağış suyunu yığmaq üçün anbarlar var.