Ağstafa, 24 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilən “Keşikçidağda elmi–arxeoloji qazıntılar və yay məktəbi” layihəsi çərçivəsində arxeoloji tədqiqatlar yeni mərhələyə qədəm qoyub. “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun (DTMQ) ərazisinə daxil olan Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun rəhbərliyi altında arxeoloji tədqiqatlar aparılıb.
AZƏRTAC xəbər verir ki, kurqanlar Keşikçidağ DTMQ-nin ərazisində 2020–ci ilin dekabrın sonundan 2021-ci ilin fevral ayınadək aparılmış arxeoloji işlər və arxeoloji kəşfiyyat müddətində qeydə alınıb, GPS koordinatları götürülüb. Kurqanlar hündür və Ağ gölə yaxın ərazidə yerləşib.
Son tunc, İlk Dəmir dövründə arealın otlaqlar üçün yararlığı, təbiətinin zənginliyi, su mənbələrinin yaxınlığı və xüsusilə də karvan yollarının bu ərazidən keçməsi qədim tayfalar üçün Sarıyoxuş, Karvan və Qaltan dərələri strateji əhəmiyyət daşıyıb. Həmin ərazilərdə tapılan kurqan tipli qəbir abidələri onu deməyə əsas verir ki, burada yüksək sosial statusa malik qədim tayfa üzvləri yaşayıb və dəfn ediliblər.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli bildirib ki, qurumun dəstəyi ilə “Keşikçidağ” DTMQ-da “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihəyə Sarıyoxuş və Karvandərə arasında olan kurqanlarda həyata keçirilib. “İki kurqanda Orta Tunc dövrünə aid arxeoloji tapıntılar tapılıb. Bunlar əsasən qəbilə başçısı, onun yanında olan müxtəlif azuqələr, nizə, qılınc və tunc xəncərlərdir. Bu da onu göstərir ki, bu ərazilər daha çox Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin nümunələrinin daşıyıcılarıdır”, – deyə R.Ənvərli qeyd edib.
İlkin araşdırmalar zamanı Sarıyoxuş dərəsi 2 saylı kurqanın dəfn kamerasından aşkar edilən qədim Şərqdə geniş istifadə olunan silindrik möhür xüsusi olaraq diqqəti çəkir. Möhürdən çıxarılmış həkk üzərindəki təsvirlər Mitanni imperiyasının ən yüksək inkişaf dövrünün üslubundadır. Silindrik möhür e.ə. II minilliyin sonu, I minilliyin əvvəlində Şimali Azərbaycan ərazisində sinifli cəmiyyətlərin və dövlət quruluşunun mövcudluğunun göstəricisidir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov deyib: “Bu, XX əsrdə Azərbaycanda tapılmış 5-ci Mittani imperiyasının möhürlərindən biridir. Bu da elmi dövriyyəyə daxil olduqdan sonra xaricdə böyük maraq yaradacaq”.
Sarıyoxuş dərəsinin göstərilən kurqanlarında tədqiqatlar davam etməkdədir. Arxeoloji kəşfiyyat zamanı Sarıyoxuş və Karvan dərələrinin sərhədlərinin kəsişməsində “Ceyran çuxuru” adlanan ərazidə daha 3 daş və 1 torpaq örtüklü kurqan tipli qəbir abidə qeydə alınıb. Arxeoloji qazıntılardan əldə olunan nəticələr onu sübut edir ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisi bu cür tarixi maddi-mədəniyyət nümunələri ilə zəngindir. Buna görə də ərazidə arxeoloji qazıntılarla bərabər, kəşfiyyat işləri də davam etdirilir.
“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihənin yekununda sərgi təşkil edilib. Layihədə iştirak edən könüllülərə sertifikatlar təqdim olunub.