Keşikçidağın nadir rast gəlinən bitkilərindən biri də Saqqız ağacıdır, hətta bu ərazidə Saqqız ağacları üstünlük təşkil etdiyinə görə buradakı yaşayış məskənlərindən birinə “Saqqızlı” yaşayış düşərgəsi adı verilmişdir. Saqqız ağacı son dərəcə qiymətli oduncağa, toxumalara və estetik gözəlliyə malik olmaqla yanaşı, uzunömürlü və çətin şəraitdə meşə əmələ gətirmə qabiliyyətinə malikdir. Dünyada nəsli kəsilməkdə olan bu ağacın Azərbaycanda ciddi mühafizəsini təmin etmək məqsədilə 1982-ci ildən “Qırmızı kitab”a daxil edilmişdir.