31 Avqust 2018 KODA İcma Təhsil Mərkəzi(Gürcüstan) və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi Avropa Birliyinin maliyyə dəstəyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi, Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan-Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində Gürcüstan nümayəndə heyəti Qazax və Ağstafa rayonlarında oldular. Vaxt məhdudiyyəti olduğundan Gürcüstan nümayəndə heyəti “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedə bilmədiyi üçün Ağstafa Heydər Əliyev parkında qurulan pavilyonla tanış olmuş, pavilyonda qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri sərgilənmiş, qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qala və məbədin əl ilə daşdan yonulmuş maketləri və diyircəkli qələmlər, qədimiliyi özündə əks etdirən xalçalar, milli ornamentlər, rəsm əsərləri və turizm məhsulları ilə bəzədilmişdir. Monitor vasitəsi ilə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar, ekskursiya, tədbirlər və qoruğun abidələrindən ibarət slayd şou yayımlanmışdır.