Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi – 6” layihəsi çərçivəsində elmi-arxeoloji tədqiqatlar davam edir.
AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə birgə keçirilən Yay Məktəbinin əsas məqsədi mədəniyyət, tarix, arxeologiya, turizm, müzey işi ixtisası üzrə təhsil alan, işləyən və maraq göstərən gənclərin nəzəri biliklərini praktiki sahə təcrübəsi ilə zənginləşdirmək, arxeoloji tədqiqat metodları və mədəni irsin öyrənilməsi və qorunması prinsipləri ilə yaxından tanış etməkdir.
Bu elmi-tədqiqat prosesinin bir hissəsi olmaq, arxeoloji qazıntıları yerində izləmək, qazıntı metodikası, sahə sənədləşdirilməsi və arxeoloji materialların ilkin öyrənilməsi ilə tanış olmaq istəyən hər kəsi Keşikçidağa dəvət edirik!
Tələbələr, magistrantlar, tarixçilər, tarix müəllimləri, tədqiqatçılar, könüllülər, abidə mühafizəçiləri, təhsil müəssisələrinin əməkdaşları, eləcə də tarix və arxeologiyaya maraq göstərən hər kəs Yay Məktəbinə qoşula bilər.
Minilliklərin izlərini kitab səhifələrindən deyil, birbaşa torpağın qatlarından oxumaq, keçmişi araşdıran elmi prosesin bir hissəsinə çevrilmək istəyirsinizsə, Keşikçidağ Yay Məktəbi – 6 layihəsi sizi gözləyir
