“Keşikçidağda tapılmış skif tipli ox ucları” mövzusunda hazırlanan videoda bu nadir arxeoloji tapıntıların xüsusiyyətləri, hazırlanma texnologiyası, aşkar edildiyi kurqanlar və Azərbaycan ərazisindəki digər oxşar nümunələrlə əlaqələri təqdim olunur.

Azərbaycanın qədim tarixinin və zəngin mədəni irsinin öyrənilməsi baxımından Ceyrançöl düzənliyi xüsusi əhəmiyyət daşıyır. Gürcüstan sərhədlərindən başlayaraq Mingəçevirə qədər uzanan bu geniş ərazi qədim dövrlərdə insanların hərəkəti, məskunlaşması və müxtəlif mədəni əlaqələrin formalaşması üçün mühüm coğrafi məkan olmuşdur.
Ceyrançölün Ağstafa rayonu ərazisində yerləşən hissəsində, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılmış “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu qədim tariximizin mühüm abidələrini özündə qoruyur. Qoruğun ərazisində Tunc və Erkən Dəmir dövrlərinə aid çoxsaylı kurqanlar qeydə alınıb. Ceyrançuxur, Sarıyoxuş, Karvandərəsi, Qarasoy, Sarısoy, Yovşanlıdərə və Qaltan düzü kimi ərazilərdə aparılan tədqiqatlar nəticəsində yüzdən artıq kurqan abidəsi müəyyən edilib.
2022–2024-cü illərdə Keşikçidağın Karvandərəsi ərazisində yerləşən kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid zəngin maddi-mədəniyyət nümunələri aşkar olunub. Bu tapıntılar arasında gil qablar, muncuqlar, tunc bilərzik, qızıl bəzək əşyaları, obsidian və tuncdan hazırlanmış ox ucları xüsusi maraq doğurur.
Tədqiqatların əsas mövzusunu isə elmi ədəbiyyatda “skif tipli ox ucları” kimi tanınan silah nümunələri təşkil edir. Bu ox ucları qədim insanların döyüş texnologiyası, metal emalı bacarıqları, hərbi mədəniyyəti və müxtəlif regionlarla əlaqələri haqqında mühüm məlumat verir.
Karvandərəsi kurqanlarından aşkar edilmiş nümunələr arasında həm obsidiandan, həm də tuncdan hazırlanmış ox ucları vardır. Obsidian ox ucunun səthi xüsusi şəkildə işlənmiş, tunc nümunələr isə ikiqanadlı, yarpaqşəkilli və qıfşəkilli yuva quruluşuna malikdir. Aparılan analizlər zamanı bəzi tunc ox uclarının tərkibində qalay olduğu müəyyən edilib. Bu isə qədim dövrdə metal ərintilərinin hazırlanması və silah istehsalında müəyyən texnoloji biliklərin mövcudluğunu göstərir. №1 kurqanında aşkar edilən dəfn kamerası da mühüm arxeoloji məlumatlar verir. Burada insan skeleti ilə yanaşı, at və ya atabənzər heyvanın kəlləsi, gil qab fraqmentləri, muncuqlar, tunc bilərzik, qızıl bəzəklər və dörd ədəd üçqanadlı ox ucu aşkar edilib. Ox uclarının bir-birinə paralel və səliqəli şəkildə yerləşdirilməsi, uclarının eyni istiqamətə yönəlməsi onların xüsusi futlyarda saxlanıldığını ehtimal etməyə əsas verir. Ox uclarının yuvalarında ağac saplağın qalıqlarının qorunması isə bu silahların istifadə formasını daha aydın təsəvvür etməyə imkan yaradır. Bu tapıntılar yalnız ayrı-ayrı silah nümunələri deyil, həm də minilliklər əvvəl burada yaşamış insanların dünyagörüşü, dəfn adətləri, təsərrüfat fəaliyyəti və sosial həyatına dair dəyərli məlumat mənbəyidir. Kurqanlarda müşahidə olunan dəfn ənənələri və at kultu ilə bağlı izlər həmin dövrün mədəni xüsusiyyətlərini öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır.
“Keşikçidağda tapılmış skif tipli ox ucları” mövzusunda hazırlanan videoda bu nadir arxeoloji tapıntıların xüsusiyyətləri, hazırlanma texnologiyası, aşkar edildiyi kurqanlar və Azərbaycan ərazisindəki digər oxşar nümunələrlə əlaqələri təqdim olunur.

Spread the love