LiDAR və üçölçülü (3D) modelləşdirmə texnologiyaları arxeoloji abidələrin dəqiq ölçülməsi, sənədləşdirilməsi və rəqəmsal mühitdə qorunması üçün müasir və effektiv üsullardan biridir. Bu istiqamətdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı, Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərin rəhbərliyi ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda elmi-praktiki təlimlər uğurla davam edir.
Təlim çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda yerləşən orta və son tunc dövrünə aid kurqanlardan əldə edilmiş məlumatlar əsasında LiDAR və fotogrammetriya üsulları ilə rəqəmsal məlumatların toplanması və emalı həyata keçirilir. Praktiki məşğələlər zamanı əldə olunan məlumatların xüsusi proqram təminatı vasitəsilə emalı, nöqtə buludlarının formalaşdırılması, onların əsasında üçölçülü modellərin qurulması və dəqiqləşdirilməsi mərhələləri əyani şəkildə nümayiş etdirilir.
Bununla yanaşı, hazırlanmış 3D modellərin ölçü və məkan məlumatlarının yoxlanılması, rəqəmsal materialların sistemləşdirilməsi və arxeoloji abidələrin mövcud vəziyyətini əks etdirən yekun rəqəmsal sənədləşdirmə materiallarının hazırlanması üzrə praktiki işlər aparılır. Təlimlər müasir rəqəmsal texnologiyaların arxeoloji tədqiqat və mədəni irsin sənədləşdirilməsi prosesində tətbiqi üzrə iştirakçıların praktiki bilik və bacarıqlarının artırılmasına xidmət edir.
