"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları "1 İnci Psixologiya Nitq Mərkəzi"ni ziyarət ediblər Cəmiyyətin həssas təbəqəsini təşkil edən uşaqlara diqqət və qayğının göstərilməsi sosial məsuliyyətin mühüm istiqamətlərindən biridir.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları “1 İnci Psixologiya Nitq Mərkəzi”ni ziyarət ediblər
Cəmiyyətin həssas təbəqəsini təşkil edən uşaqlara diqqət və qayğının göstərilməsi sosial məsuliyyətin mühüm istiqamətlərindən biridir.

Bu məqsədlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları Ağstafa rayonunda fəaliyyət göstərən “1 İnci Psixologiya Nitq Mərkəzi”ni ziyarət ediblər.
Tədbirin əsas məqsədi uşaqların sosial inteqrasiyasına dəstək vermək, onların asudə vaxtının səmərəli təşkilinə töhfə göstərmək, həmçinin diqqət və qayğıya ehtiyacı olan uşaqlarla mənəvi ünsiyyət mühitinin formalaşdırılması olub.

Görüş çərçivəsində uşaqların dünyagörüşünün artırılması və mədəni irsimizin tanıdılması məqsədilə maarifləndirici proqram təşkil olunub. Uşaqlara tarixi abidələrimiz və mədəni irsimiz haqqında ətraflı məlumat verilib, bölgəmizin zəngin keçmişini və Keşikçidağ Mağaralar Kompleksini əks etdirən “Mədəni İrsimiz Keşikçidağ” adlı bələdçi jurnalı və sərgi kataloqları nümayiş etdirilib. Həmçinin, mərkəzin xidmət sahəsinə uyğun olaraq uşaqlar üçün disklər vasitəsilə tarixi mövzulara həsr olunmuş maraqlı film və videoçarxlar nümayiş etdirilib.
Bundan başqa, uşaqlar üçün müxtəlif əyləncəli və maarifləndirici oyunlar təşkil edilib, onların fəal iştirakı ilə maraqlı və yaddaqalan anlar yaşanıb. Tədbir iştirakçılarının yüksək əhval-ruhiyyəsi və aktivliyi sosial inklüzivliyin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edib.
Sonda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları tərəfindən uşaqlara kiçik hədiyyələr təqdim olunub. Bu kimi təşəbbüslər cəmiyyətin həssas qruplarına göstərilən diqqət və humanist dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Spread the love