18 iyun 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və ADA Universitetinin Qazax Mərkəzinin birgə təşkilatçılığı ilə “Bölgəmizin qədim tarixi və arxeologiyası: yeni tədqiqatlar və elmi nəticələr” mövzusunda sərgi və beynəlxalq elmi seminar keçirilmişdir.
Tədbirin əsas məqsədi Azərbaycanın qərb bölgəsinin zəngin arxeoloji irsinin, bəşər tarixinin ilkin mərhələlərini əks etdirən qədim yaşayış məskənləri və düşərgələrinin elmi əhəmiyyətinin geniş auditoriyaya çatdırılması, Keşikçidağ qoruğu ərazisində və ətraf bölgələrdə aparılan arxeoloji tədqiqatların nəticələrinin ictimaiyyətə təqdim olunması, həmçinin ölkədaxili və beynəlxalq elmi əməkdaşlığın inkişafına töhfə verilməsi olmuşdur.
Seminarda ADA Universitetinin Qazax Mərkəzinin magistrantları, Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbələri, tarix müəllimləri, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Ağstafa və Qazax rayonları üzrə baş mütəxəssisləri və ziyalılar iştirak etmişlər.
Tədbir çərçivəsində ilk olaraq qoruq ərazisində yerləşən kurqanlardan əldə olunmuş maddi-mədəniyyət nümunələri, eləcə də həyata keçirilən elmi layihələri əhatə edən çap məhsullarından ibarət sərgi nümayiş etdirilmişdir. Buraya “Mədəni irsimiz Keşikçidağ” adlı təsvirli bələdçi, broşürlər, bukletlər, fleyerlər, həmçinin AMEA Arxeologiya və Antropologiya İnstitutunun arxeoloji və elmi tədqiqatlarının nəticələrini əks etdirən kitablar daxil edilmişdir. Sərgidə təqdim olunan eksponatlar qədim insanların məişəti, təsərrüfat fəaliyyəti, maddi mədəniyyəti və bölgənin minilliklər boyu keçdiyi tarixi inkişaf mərhələləri haqqında əyani təsəvvür yaratmışdır.
Beynəlxalq elmi seminar ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü tərəfindən açılmış, iştirakçılar salamlanmış və belə elmi platformaların regionun elmi potensialının inkişafına verdiyi töhfələr vurğulanmışdır. Daha sonra “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev çıxış edərək tədbirin əhəmiyyətindən, qoruq ərazisindəvə bölgədə aparılan tədqiqatların elmi nəticələrindən və mədəni irsin qorunmasının vacibliyindən bəhs etmişdir. Seminarda Ağstafa rayonunun Eynallı kəndində aparılan arxeoloji qazıntıların rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli bölgədə son illər əldə olunmuş mühüm elmi nəticələr barədə geniş məruzə ilə çıxış etmişdir. AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri – tarix üzrə fəlsəfə doktorları Azad Zeynalov və Yaqub Məmmədov bölgənin daş dövrünə aid Ceyrançöldə yerləşən açıq yaşayış düşərgələri, Damcılı və Daş Salahlı mağaraları, Yataq yeri və digər abidələrdə aparılan elmi tədqiqatlardan bəhs etmişlər. AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə maddi-mədəniyyət nümunələrinin qorunması, muzeylərdə ekspozisiyaların qurulması, onların sərgilənməsi və ziyarətçilərə təqdim olunması mövzularına dair çıxış etmişdir. Azərbaycan və Kataniya Universitetinin birgə əməkdaşlığı çərçivəsində, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun rəhbərliyi ilə Ağstafa rayonunun Tavatəpə yaşayış məskənində aparılan tədqiqat işlərində ekspedisiya üzvü olan AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, arxeoloq Lola Hüseynova bu yaşayış məskənində aparılan arxeoloji qazıntılar, onların əhəmiyyəti və məbəd kimi istifadə olunması barədə məlumat vermişdir. Tavatəpə yaşayış məskənində fəaliyyət göstərən digər yerli və xarici ekspedisiya üzvləri – Yeni Tikinti Sahələrinin Arxeologiyası şöbəsinin əməkdaşları Həsən Əlizadə və Aqil Əliyev, İtaliya Roma Sapienza Universiteti və CAMNES (Qədim Aralıq dənizi və Yaxın Şərq Tədqiqatları Mərkəzi) təşkilatının araşdırmaçısı, arxeoloq Alice Mendola, həmin universitetin arxeoloqları Roberta Sanna, Borgesi Aurora, Emanuela Scalisi, Ciacera Macauda Dario və La Causa Giulia aparılan müzakirələrdə öz fikirlərini bildirmişlər. Beynəlxalq elmi seminarda həmçinin “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun baş fond mühafizəçisi İsmayıl Omarlı bölgənin qədim tarixi və arxeoloji abidələri mövzusunda çıxış etmişdir. Məruzələr zamanı bölgənin daş dövründən başlayaraq sonrakı tarixi mərhələlərinə aid yaşayış məskənləri, kurqanlar, qədim istehkamlar və digər arxeoloji abidələr haqqında yeni elmi məlumatlar təqdim olunmuş, aparılan tədqiqatların nəticələri ətrafında məhsuldar müzakirələr aparılmışdır. İştirakçılar tərəfindən səsləndirilən fikir və təkliflər regionun arxeoloji potensialının gələcəkdə daha geniş şəkildə araşdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Tədbirin sonunda qeyd edilmişdir ki, belə elmi seminarlar və sərgilər ölkənin zəngin mədəni irsinin təbliği, elmi biliklərin ictimaiyyətə çatdırılması, gənc nəslin tarix və arxeologiyaya marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bu təşəbbüslər bölgənin qədim tarixinin daha dərindən öyrənilməsinə, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə və mədəni irsin qorunması sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verir.
