16 iyun 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları Azad Zeynalov və Yaqub Məmmədov iştirak etmişlər. Dəyirmi masanın əsas məqsədi insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolunun artırılması, insan hüquqlarının tarixi inkişaf mərhələləri, milli-mənəvi dəyərlərin qorunması ilə insan hüquqlarının qarşılıqlı əlaqəsi, eləcə də cəmiyyətin müxtəlif təbəqələri arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsi istiqamətində fikir mübadiləsinin aparılması olmuşdur. Çıxışçılar qeyd etmişlər ki, insan hüquq və azadlıqlarının təmin olunması müasir demokratik cəmiyyətlərin əsas prinsiplərindən biridir. Bu baxımdan, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və hüquqi mədəniyyətin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən hesab olunur. Bildirilmişdir ki, hüquqi maarifləndirmə tədbirləri vətəndaşların öz hüquq və vəzifələri barədə məlumatlılığının artırılmasına, cəmiyyətdə hüquqi düşüncə tərzinin formalaşmasına və insan hüquqlarına hörmət mədəniyyətinin möhkəmlənməsinə mühüm töhfə verir. Tədbir çərçivəsində insan hüquqlarının tarixi kökləri, mədəni irsin qorunması ilə fundamental hüquqlar arasındakı əlaqələr, mədəni irs obyektlərinin gələcək nəsillərə ötürülməsinin ictimai məsuliyyət aspektləri və bu sahədə beynəlxalq təcrübənin əhəmiyyəti barədə geniş müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, tarixi-mədəni irsin qorunması yalnız mədəniyyət siyasətinin deyil, eyni zamanda insanların öz mədəni kimliyini yaşatmaq və inkişaf etdirmək hüququnun mühüm tərkib hissəsidir. Sonda qoruq əməkdaşlarını maraqlandıran suallar cavablandırılmış, insan hüquqlarının təşviqi və hüquqi maarifləndirmə sahəsində bu kimi tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanmışdır. Tədbir qarşılıqlı fikir mübadiləsi və elmi müzakirələr şəraitində başa çatmışdır.
