Şəhərsalma, mədəni irsin qorunması, dayanıqlı inkişaf və humanitar əməkdaşlıq məsələlərinin müzakirə olunduğu forum çərçivəsində ölkəmizə səfər edən xarici nümayəndə heyətlərinin tarixi məkanlara təşkil olunan səfərləri xüsusi əhəmiyyət kəsb edir.
WUF 13 proqramı çərçivəsində Rusiya Federasiyasından olan bir qrup ziyarətçi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisində olmuşdur. Ekskursiya zamanı qonaqlara qoruğun zəngin tarixi, arxeoloji və mənəvi irsi haqqında ətraflı məlumat verilmiş, regionun qədim yaşayış və ibadət ənənələrini əks etdirən maddi-mədəniyyət nümunələri nümayiş etdirilmişdir.
Səfər çərçivəsində ziyarətçilər “İlham Əliyev adına zirvə”, bu istiqamətdə yerləşən mağaralar, onların divar və tavanlarında qorunub saxlanılmış qədim freskalar, su quyuları, ərzaq anbarları və digər tarixi obyektlərlə yaxından tanış olmuşlar. Qonaqlarda xüsusi maraq doğuran bu abidələr Keşikçidağın yalnız regional deyil, bütövlükdə Qafqazın mühüm qədim mədəni irs məkanlarından biri olduğunu bir daha nümayiş etdirmişdir.
Beynəlxalq səviyyəli WUF 13 forumu çərçivəsində belə ekskursiyaların təşkili Azərbaycanın zəngin mədəni irsinin qlobal miqyasda tanıdılması, tarix və şəhərsalma arasında qarşılıqlı əlaqələrin nümayiş etdirilməsi, həmçinin mədəni turizmin inkişafının təşviq olunması baxımından mühüm əhəmiyyət daşıyır.
