18 May “Beynəlxalq Muzeylər Günü” münasibətilə Ağstafa rayonunun Tatlı kənd F.Nağıyev adına tam orta məktəbin şagird və müəllimləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisinə maarifləndirici ekskursiya həyata keçirmişdir.
Ekskursiya çərçivəsində iştirakçılar ilk olaraq Ceyrançöl ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisindəki arxeoloji abidələrlə tanış olmuş, burada aparılmış tədqiqatlar, qədim dəfn ənənələri və maddi-mədəniyyət nümunələrinin elmi əhəmiyyəti barədə ətraflı məlumat əldə etmişlər. Daha sonra məktəblilər qoruq ərazisində yerləşən “İlham Əliyev adına zirvə” istiqamətində ekskursiyanı davam etdirərək bu istiqamətdəki mağaralar, divar və tavanlarında qorunub saxlanılan freskalar, qədim su quyuları və ərzaq anbarları ilə yaxından tanış olmuşlar.
Ekskursiya zamanı şagirdlərə Keşikçidağ ərazisinin zəngin arxeoloji irsi, tarixi-mədəni əhəmiyyəti, eləcə də maddi-mədəniyyət nümunələrinin qorunmasının vacibliyi barədə məlumat verilmiş, milli irsin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti xüsusi vurğulanmışdır.
