Azərbaycanın qərbində yerləşən Ağstafa-Qazax bölgəsinin zəngin tarixi-mədəni landşaftı yerli və xarici turistlərin əsas seçim məkanına çevrilib. Bu çərçivədə 24.03.2026-cı il tarixində Bakı şəhərindən gələn bir qrup turist “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində təşkil olunmuş ekskursiyada iştirak etmişdir. Tur iştirakçıları ekskursiya çərçivəsində ilk öncə Ceyrançöldə yerləşən Keşikçidağ Kurqanlar Vadisindəki kurqanlarla tanış olmuş, qoruq əməkdaşları tərəfindən onlara bu qəbir abidələrinin tarixi və arxeoloji əhəmiyyəti barədə müvafiq məlumatlar verilmişdir. Daha sonra ziyarətçilər “İlham Əliyev adına zirvə” ilə tanış olmuş, ardınca isə bu istiqamətdə yerləşən təbii və süni mağaralara baxış keçirmişlər. Ziyarətçilərin diqqətinə çatdırılmışdır ki, qoruq ərazisində yerləşən bu mağaralar qədim insan məskənlərinin, dini-mənəvi həyat tərzinin, eləcə də müxtəlif dövrlərdə formalaşmış yaşayış və təsərrüfat mədəniyyətinin öyrənilməsi baxımından mühüm elmi mənbə hesab olunur.
Ekskursiya çərçivəsində mağaraların divar və tavanlarında bu günədək qorunub saxlanılmış freskalar, su quyuları, ərzaq anbarları və digər təsərrüfat xarakterli arxeoloji nümunələr ziyarətçilərin xüsusi marağına səbəb olmuşdur.
