12 mart 2026-cı il tarixində Ağstafa rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli " ilə əlaqədar “Keşikçidağda Novruz ənənələri” adlı tədbir keçirilmişdir.

Novruz bayramı Azərbaycan xalqının ən qədim və zəngin mənəvi dəyərlərini yaşadan el bayramıdır. Bu bayram yazın gəlişini, təbiətin oyanışını və həyatın yenilənməsini simvolizə edir. 12 mart 2026-cı il tarixində Ağstafa rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli ” ilə əlaqədar “Keşikçidağda Novruz ənənələri” adlı tədbir keçirilmişdir. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna məxsus informasiya mərkəzində keçirilmiş tədbirin əsas məqsədi Azərbaycanın qədim adət-ənənələrinin qorunması və təbliği, milli bayramlarımızdan biri olan Novruzun dəyərlərinin gənc nəsilə çatdırılması, həmçinin tarixi və mədəni irs nümunələrinin tanıdılmasıdır. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri, “Ağstafa Gənclər Evi” və “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisələrinin əməkdaşları, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyi, şəhid ailələri və qazilər, rayon ziyalıları və gənc könüllülər iştirak etmişdir. Tədbir qoruğa məxsus informasiya mərkəzində qədim musiqi alətləri – qara zurna və nağara sədaları altında Kosa, Keçəl və milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atları ilə məclisə gəlişi ilə başlamışdır. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov tədbiri açıq elan etmiş və tədbir iştirakçılarına bayram təbriki ünvanlamışdır. Daha sonra qoruğun direktoru Musa Mursaquliyev tədbirin keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
Həmçinin tədbir çərçivəsində “Kitabi Dədə Qorqud” dastanının prototipi hesab edilən Dədə Qorqudun dilindən ibrətamiz sözlər səsləndirilmiş, qonaqlar Novruz atributları ilə bəzədilmiş bayram dekorasiyaları, xalçalar və saxsı nümunələri ilə bəzədilmiş alaçıqlarla tanış olmuşdur. Alaçıq köçəri məişətinin canlı nümunəsi kimi hazırlanmışdır. Alaçıq qədim türk etnogenezinin formalaşdığı köçəri məişət ənənələrinin və çöl mədəniyyətinin canlı nümunəsi kimi qurularaq təqdim edilmişdir. Alaçığın (Yurt-un) konstruksiyası və daxili quruluşu türk tayfalarının təbiətə uyğunlaşma bacarığını, həmçinin ailə və məişət münasibətlərini əks etdirən mühüm etnoqrafik xüsusiyyətləri özündə birləşdirir. Bu yaşayış forması türk etnogenezinin formalaşdığı mühitin, köçəri həyat tərzinin və qədim türk mədəni ənənələrinin günümüzə qədər qorunub saxlanılan simvollarından biridir. Onun daxilində xalçalar, kilimlər və qədim məişət əşyaları yerləşdirilərək köçəri ailələrin yaşayış mühiti canlandırılmışdır. Alaçığın ətrafı isə Novruz atributları ilə bəzədilmişdir. Tədbir çərçivəsində xalq oyunları, gənc qızların bayatı və haxışta söyləməsi, eləcə də milli musiqi alətləri və milli rəqslərin ifası nümayiş etdirilmişdir. Qonaqlara milli mətbəximizin ləziz təamlarından olan paxlava, şəkərbura, qoğal, göy kətəsi təqdim edilmişdir.Tədbir çərçivəsində qoruğa məxsus informasiya mərkəzinin ətrafında salınmış “Dostluq bağı”nda şəhid ailələri və qazilərin iştirakı ilə badam tingləri əkilmişdir.
Tədbir gənc nəsildə milli-mədəni dəyərlərə hörmətin və mədəni irsə marağın artırılmasına xidmət etmişdir.

Spread the love