AMEA Arxeologiya və Antropologiya İnstitutunda 2025-ci il üzrə elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətlərin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir.

AMEA Arxeologiya və Antropologiya İnstitutunda 2025-ci il üzrə elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətlərin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir. İclasın əvvəlində iştirakçılar institutun il ərzində Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla Azərbaycanın müxtəlif regionlarında həyata keçirdiyi arxeoloji tədqiqatların nəticələrini əks etdirən sərgi ilə tanış olmuşlar. Sərgidə aparılmış ekspedisiyalar zamanı aşkar edilən mühüm arxeoloji artefaktlar, həmçinin institut əməkdaşlarının hazırladığı yeni monoqrafiyalar, elmi kitablar və jurnallar nümayiş olunmuşdur. Tədbir çərçivəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ”, “Avey” və “Qədim Şəmkir Şəhəri” Dövlət tarix-mədəniyyət qoruqları sərgidə iştirak etmişdir. Sərgidə xüsusilə “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqlarının stendləri elmi zənginliyi və təqdim olunan materialların nadirliyi ilə diqqət mərkəzində olmuşdur.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun stendində əsasən tunc və dəmir dövrlərinə aid arxeoloji tapıntılar nümayiş etdirilmişdir. Burada aşkar edilmiş dördtilli nizə ucluğu, Mitanni möhürü, Skiflərə aid tunc ox ucluqları, zinət əşyaları, obsidian və çaxmaqdaşından hazırlanmış silah nümunələri, regionun qədim hərbi-siyasi, iqtisadi və mədəni əlaqələrinin öyrənilməsi baxımından xüsusi elmi əhəmiyyət daşıyır. Bu tapıntılar Keşikçidağ ərazisinin qədim Yaxın Şərq və Asiya mədəniyyətləri ilə əlaqələrini sübut etməklə yanaşı, Azərbaycanın tunc və dəmir dövrü arxeologiyasında mühüm mənbə kimi qiymətləndirilir. “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun stendində isə mezolit, neolit və eneolit dövrlərinə aid arxeoloji materiallar təqdim olunmuşdur. Daş alətlər, əmək vasitələri və erkən təsərrüfat fəaliyyətini əks etdirən tapıntılar bölgədə insan məskənlərinin formalaşma mərhələlərini, ovçuluqdan oturaq həyata keçid prosesini və ilkin istehsal münasibətlərini aydın şəkildə nümayiş etdirmişdir. Avey dağında aparılan tədqiqatlar nəticəsində əldə olunan bu materiallar Cənubi Qafqazın erkən tarixinin öyrənilməsi baxımından xüsusi diqqət cəlb etmiş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Sərgi, ölkənin arxeoloji irsinin zənginliyini və 2025-ci ildə aparılan tədqiqatların elmi əhəmiyyətini nümayiş etdirməklə yanaşı, institutun milli və beynəlxalq elmi məkanlarda artan nüfuzunu da bir daha göstərmişdir. İclasda həmçinin növbəti il üçün nəzərdə tutulmuş tədqiqat istiqamətləri, elmi əməkdaşlıq imkanları və arxeoloji irsin geniş ictimaiyyətə çatdırılması mexanizmləri müzakirə edilmişdir.

Spread the love