Adı: Yovşanlıdərə kurqanları
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 2024-cü ilin dekabr ayı
Dövrü: Orta tunc dövrü
Yovşanlıdərə ərazisi Ceyrançöldə, Candargöldən cənub-şərqə doğru uzanan uzun və ensiz çökəklik hissəni təşkil edir. Ərazinin belə adlandırılması maldar əhalinin yovşan bitkisinin sıx bitdiyi bu dar zolağa verdikləri adla əlaqədardır. Yovşanlıdərədə kurqan qəbirlər bəzən yanaşı, bəzən isə müəyyən aralıq məsafə ilə yerləşirlər. Yovşanlıdərə şərqdə və qərbdə nisbətən maili hündür təpələrlə hüdudlanır və həmin təpələrdən təxminən 50-60 m aşağıda yerləşmişlər. Yovşanlıdərə qeyd edilən şosse yoldan Ağgölədək uzanan, eni təxminən 600-800 m, uzunluğu isə 5-6 km olan, gözlə görünə bilən və alçaq təpəliklərlə müşahidə olunan dərədir. Yovşanlıdərə kurqanları 2024-cü ilin dekabr ayında aparılmış arxeoloji kəşfiyyat xarakterli qazıntılar zamanı aşkar edilmişdir. “Keşikçidağda elmi–arxeoloji qazıntılar və yay məktəbi 5” adlı lahiyə çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə arxeoloji tədqiqatlar aparılmışdır. Bu kurqanların diametrləri 16, 18 və 22 m olub, müasir yer səthindən 1-2,5 m hündürlüyə malikdirlər.


