Keşikçiqala

Abidənin adı: Keşikçiqala
Dövrü: IX-XI əsrlər
Yerləşdiyi yer: Qaltan dağının yüksəkliyi, “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğu
Dəniz səviyyəsindən 850m hündürlükdə, Qaltan dağının yüksəkliyində yerləşən tarixi müdafiə istehkamlarından biri də Keşikçidağ mağara-məbədlər kompleksinin ərazisindəki Keşikçiqaladır. Tarixçilərin verdiyi məlumata əsasən, qalanın inşa edilmə tarixi IX-XI əsrlərə təsadüf edir. Qala yerləşdiyi ərazinin relyefinə, plan və memarlıq üslubuna görə dördbucaqlı formadadır, hündürlüyü 11 metr, sahəsi 26,25 kv.m, divarlarının qalınlığı bir metr, mərtəbələrarası hündürlük isə 3.60 sm-dir. Qalanın üçüncü mərtəbəsinin tavanı dağılmışdır. Müdafiə-gözətçi qalasının bütün mərtəbələrində hər tərəfə baxan müşahidə gözlükləri vardır. Qalanın divarlarının inşa edilməsində kərpicdən və yerli qaltan daşlarından, möhkəmlik məqsədilə isə əsasən inşaat məhsulu olaraq yerli xammaldan- gəcdən istifadə edilmişdir. Qalanın hündürlüyü boyunca möhkəmliyini qorumaq üçün çöl tərəfdən divara birləşdirilmiş sütun mövcuddur. Strateji baxımdan çox mükəmməl yerdə tikilmiş bu müdafiə qalasına yalnız sıldırım yollarla getmək mümkündür. Həmçinin yadelli düşmənlərin basqını zamanı Keşikçiqaladan mağaralara bir-birilərinə xəbər ötürmək məqsədilə tonqallardan istifadə edilmişdir.

Spread the love