Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun sərgisi və elmi sessiya keçirilib.
29 may 2025-ci il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan, tarixi kökləri Qazax Müəllimlər Seminariyasına uzanan Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzində elmi-praktik sərgi təşkil olunmuşdur.
Sərgidə qoruq ərazisində həyata keçirilən elmi tədqiqat və arxeoloji qazıntılar nəticəsində üzə çıxarılmış zəngin maddi-mədəniyyət nümunələri və qoruğa məxsus çap məhsulları nümayiş etdirilmişdir. Tədbir iştirakçılarına regionun çoxəsrlik tarixindən, etnoqrafik xüsusiyyətlərindən və arxeoloji potensialından bəhs edən dəyərli məlumatlar təqdim edilmişdir. Sərginin keçirilməsində əsas məqsəd Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu arasında elmi və mədəni əməkdaşlıq əlaqələrini gücləndirmək, gənc tədqiqatçıların bu sahəyə marağını artırmaq və bölgənin unikal tarixi irsinin daha geniş ictimaiyyətə çatdırılmasına töhfə vermək olmuşdur. Sərgi başa çatdıqdan sonra “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşəbbüsü ilə Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzinin müəllim və magistrantlarının iştirakı ilə elmi sessiya təşkil edilmişdir. AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov tərəfindən təqdim “Qazax və Ağstafa rayonlarında yerləşən tunc dövrü abidələri” mövzusundakı məruzə tədbirin elmi marağını daha da artırmışdır. Şamil Nəcəfov seminar zamanı Kurqanlar Vadisində yerləşən Qarasoy və Karvan dərəsi kurqanlarında aşkar edilmiş, qədim türk tayfalarından olan skiflərə məxsus olduğu ehtimal edilən artefaktlar və onların regionun tarixində tutduğu yer barədə ətraflı məlumat vermişdir. Şamil Nəcəfov həmçinin bu tapıntıların Qərb bölgəsinin qədim dövrlərdəki mədəni və ticarət əlaqələrinin araşdırılmasında əhəmiyyətli elmi materiallar olduğunu vurğulamışdır. Tədbir, bütövlükdə, həm elmi cəmiyyət, həm də təhsil ictimaiyyəti üçün səmərəli fikir mübadiləsi mühiti yaratmaqla yanaşı, regionun tarixi-mədəni potensialının öyrənilməsi və qorunmasına dair yeni təşəbbüslərdəndir.






