Adı : Qarasoy kurqanları
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 07. 09.2023-06.10.2023-cü il
Dövrü: Son tunc-erkən dəmir dövrü (Xocalı-Gədəbəy mədəniyyəti)
Qarasoy düzü Ceyrançöl alçaq dağlığının bir hissəsi olmaqla Acıdərə çayını qidalandıran Qarasoy çayı dərəsinin sol düzənlik və sağ alçaq dağlıq hissəsini əhatə edir. Qarasoy kurqanları Keşikçidağ mağaralarının yerləşdiyi silsilənin aşağısında, cənub-qərb ətəyində yerləşən düzənlik boyunca uzanır. Kurqan çöllüyündən ibarət olan ərazidə kurqanlar bir-birindən 10-15m aralı məsafədə olmaqla yerləşir. Böyük (diametrləri 20-25m) və kiçik ölçülü(diametrləri 10-15m) olan kurqanların demək olar ki, əksəriyyəti kromlexlərə malikdir. Kurqanları ətəyindən dairəvi əhatələyən və ilk baxışda aydın izlənilən bu kromlexlər böyük ölçülü kurqanlarda iri ölçülü qaya daşlarından, kiçik ölçülü kurqanlarda isə nisbətən kiçik çay daşı və çarpanaq daşlardan qurulmuşdur. Hər iki halda əsasən düzbucaqlı formalı, uzunsov daşlardan istifadə edilmişdir. Kurqanların üst örtüyü bəzilərində tamamilə kiçik ölçülü çay daşlarından, bəzilərində isə çınqıl qarışıq torpaqdan ibarətdir.




