Sarıyoxuş dərəsi 2 saylı kurqan
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 15.06.2021-30.07.2021
Dövrü: Orta Tuncdan – Son Tunca keçid dövrü
Sarıyoxuş dərəsi 2 saylı kurqan 1 saylı kurqandan şimal-şərq istiqamətində təqribən 20 metr məsafədə yerləşir. Kurqanın ümumi diametri təxminən 18 m-dir. “Keşikçidağ” kurqanlar vadisində 2021-ci ilin yay aylarında AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun rəhbərliyi ilə qoruğun maddi-texniki dəstəyi əsasında arxeoloji xilasetmə, kəşfiyyat və tədqiqat işləri aparılmışdır.
Tədqiqatlar zamanı kurqanın daş örtüyü tam şəkildə götürüldükdən sonra uzunluğu təqribən 6 m, eni 2 m olan, cənub-qərbdən şimal-şərq istiqamətində uzanan və iri daş plitələrlə örtülmüş dəfn kamerası aşkar edilmişdir. Qəbir kamerası daxili quruluşuna görə iki hissəyə bölünmüşdür. Cənub-qərb hissəsində qara cilalı, üzərində şevron və “dırnaq” formalı həndəsi naxışlar olan iri və orta ölçülü keramika qablar, eləcə də qurban gətirilmiş iri və xırdabuynuzlu heyvan qalıqlarının yerləşdirildiyi qurbangah qeydə alınmışdır. Qurbangahla əsas dəfn sahəsi arasında dağdağan ağacından hazırlanmış arakəsmənin izləri müşahidə edilmişdir.
Ehtimal olunur ki, yüksək sosial statusa malik şəxs qəbir kamerasının şimal-şərq hissəsində yerləşdirilmiş ağac konstruksiyalı platforma üzərində dəfn edilmişdir. Həmin platformanın ətrafı ağac kəsimləri ilə haşiyələnmişdir. Skelet qalıqlarının yanında tunc qılınc, qılınc qınının tunc sonluğu, obsidian və çaxmaqdaşından hazırlanmış ox ucluqları, yaxşı vəziyyətdə qorunmuş qapaqlı küp, həmçinin əqiq və saxsı pastadan hazırlanmış boyunbağı muncuqları aşkar edilmişdir. Boyunbağı muncuqları arasında steatit daşından hazırlanmış silindrik möhür də qeydə alınmışdır.
Sarıyoxuş dərəsi 2 saylı kurqanın qəbir kamerasında keramik məmulat qara cilalı, həndəsi ornamentlərlə bəzədilmiş 13 ədəd qabla təmsil olunmuşdur. Qabların 12 ədədi qurbangah hissəsində yerləşdirilmişdir. Keramika nümunələri üzərindəki şevron və dırnaqvari naxışlar Orta Tuncdan-Son Tunc dövrünə keçid mərhələsi üçün xarakterik dekorativ motivlər hesab olunur. Bəzi qabların üzərində bir neçə ornament növü birlikdə tətbiq edilmişdir.
Qapaqlı küp Sarıyoxuş dərəsi 2 saylı kurqandan aşkar edilmiş maraqlı keramika nümunələrindən biridir. Gil materialdan hazırlanmış bu qab yumru gövdəli və geniş ağızlıdır. Digər keramika nümunələrindən fərqli olaraq qapaqlı küp əsas dəfn sahəsində yerləşdirilmişdir. Qabın səthi qara cilalı örtüklə işlənmişdir. Ehtimal olunur ki, bu tip qablar qədim dəfn mərasimlərində qida ehtiyatlarının, maye məhsulların və ya ritual xarakterli əşyaların saxlanılması məqsədilə istifadə edilmişdir.
Qəbir kamerasının dəfn hissəsindən ümumilikdə 10 ədəd ox ucluğu aşkar edilmişdir. Onlardan 6-sı müxtəlif çalarlı qara və boz rəngli obsidiandan, 4-ü isə çaxmaqdaşından hazırlanmışdır. Ox ucluqları əsasən skeletin bükülü sol ayağının diz hissəsinin qarşısında, ox qabına aid olduğu ehtimal edilən sahədə qeydə alınmışdır.
Kurqanın qəbir kamerasında skeletin boyun nahiyəsindən boyunbağının elementlərini təşkil edən 3 ədəd muncuq və 1 ədəd silindrik möhür aşkar edilmişdir. Boyunbağı muncuqlarından biri qırmızı rəngli əqiqdən, digər ikisi isə saxsı pastadan hazırlanmışdır. Əqiq muncuğun diametri 0,8 sm, sap üçün nəzərdə tutulmuş oyuğun diametri 0,2 sm, qalınlığı isə 0,3 sm-dir.
Tapıntılar arasında xüsusi maraq doğuran nümunələrdən biri steatit daşından hazırlanmış silindrik möhürdür. Silindrik möhür üzərində həkk edilmiş təsvirlər Ön Asiya qliptika sənətinin təsirlərini əks etdirir və Mitanni-Hurri sənət ənənələri ilə müəyyən üslub oxşarlıqları nümayiş etdirir. Bu tapıntı Cənubi Qafqaz ilə Ön Asiya arasında mövcud olmuş mədəni əlaqələrin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Möhürün uzunluğu 2,7 sm, eni isə 1,3 sm-dir.
Sarıyoxuş dərəsi 2 saylı kurqandan aşkar edilmiş tunc qılıncın ümumi uzunluğu 43 sm-dir. Tiyənin çiyin hissəsinin eni 4,1 sm təşkil edir. Tunc qılınclar həmin dövrdə həm döyüş silahı, həm də sosial status göstəricisi hesab olunurdu. Qılıncın hazırlanma texnikası və üzərində müşahidə olunan işlənmə xüsusiyyətləri Orta Tuncdan-Son Tunc dövrünə keçid mərhələsi dövründə metalişləmə sənətinin yüksək inkişaf səviyyəsini göstərir.
Sarıyoxuş dərəsi 2 saylı kurqandan əldə olunmuş maddi-mədəniyyət nümunələri, xüsusilə qara cilalı keramika qablar, obsidian və çaxmaqdaşından hazırlanmış ox ucluqları, tunc qılınc, silindrik möhür və müxtəlif bəzək əşyaları abidənin Orta Tuncdan-Son Tunc dövrünə keçid mərhələsi, təxminən e.ə. XVI–XV əsrlərə aid olduğunu göstərir. Dəfn kamerasının mürəkkəb quruluşu və zəngin inventarı burada yüksək sosial statusa malik şəxsin dəfn olunduğunu ehtimal etməyə imkan verir.
Coğrafi koordinatlar: 41°24’02.0″N 45°24’12.5″E
