Ölkəmizin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan ADA Universitetinin Qazax Mərkəzinin rəhbərliyi və magistrantları Ağstafa rayonunun ərazisində yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda aparılan arxeoloji qazıntılarda iştirak etmişlər. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihə çərçivəsində aparılan işlər və əldə olunan artefaktlar haqqında qonaqlara ətraflı məlumat verilmişdir. Daha sonra “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və ADA Universitetinin Qazax Mərkəzi arasında gələcək elmi əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılmışdır.