“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənmiş 2024-cü ilin birinci yarımili üzrə iş planının icrasına əsasən “Keşikçidağda Novruz ənənələri ” adlı tədbir keçirilmişdir.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna məxsus informasiya mərkəzinin önündə keçirilən tədbirdə əsas məqsəd Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan biri olan Novruzun gənc nəsilə aşılanması, şəhid ailələri və Vətən Müharibəsi qazilərinin asudə vaxtlarının səmərəli keçirilməsi, o cümlədən Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən tarixi abidələrin tanıdılmasıdır. Tədbirdə, rayon ərazisində yerləşən bir çox idarə və təşkilatların məsul şəxsləri, el ağsaqqalları, ziyalılar, şəhid ailələri və qazilər də iştirak etmişlər. Tədbir “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna məxsus informasiya mərkəzində qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, ud sədaları altında, Kosa, Keçəl, Bahar qızının və milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atları ilə məclisə gəlişi ilə başlamışdır. Daha sonra Keşikçidağ kurqanlar vadisindən aşkarlanmış son tunc-erkən dəmir dövrünə aid edilən artefaktlardan ibarət sərgi, həmçinin Novruz atributları ilə bəzədilmiş dekorasiyalarla və alaçıqlarla tanış olmuşdur.
Tütək sədaları altında qoyunların ağıla gətirilməsi, milli geyimdə çiyinlərində səhənglə bulaqdan su gətirən qızların rəqsi, xalq oyunlarından olan “Sayaçı”nın nümayişi, gənc qızların “Haxışta”, “Bayatı”söyləməsi, ”Səməni rəqsi”, “Tərəkəmə” rəqsinin ifası tədbirə xüsusi maraq qatmışdır. Həmçinin Dilboz atlardan istifadə etməklə “Çövkən” və “Cıdır yarışı” keçirilmiş, yarışın qalibinə mədəni irs nümunələrimizdən olan kəlağayı bağışlanmışdır.
Tədbirin sonunda qoruğa məxsus informasiya mərkəzinin ətrafında Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Badam bağı”nda ağacəkmə aksiyası keçirilmişdir.

Spread the love