Türk Dünyasının Arxeoloji və Tarixi-Mədəni İrsi Beynəlxalq Onlayn Seminarda Müzakirə Olunub.
27 avqust 2026-cı il tarixində Azərbaycan, Özbəkistan, Qazaxıstan, və Qırğızıstanın müvafiq dövlət qurumları, elmi müəssisələri və muzey-qoruqlarının nümayəndələrinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş qoruqların əməkdaşlarının, AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimlərinin, Bakı Dövlət Universitetinin alim və magistrantları, Xəzər Universitetinin müəllim və tələbələrinin iştirakı ilə “Ortaq İrs, Ortaq Gələcək: Türk Dünyasında Arxeoloji və Tarixi-Mədəni İrsin Qorunması, Tədqiqi və Təbliği” mövzusunda beynəlxalq onlayn seminar keçirilib.
Zoom platforması üzərindən baş tutan tədbir Türk dünyasının zəngin arxeoloji və tarixi irsinin qorunması, tədqiqi və müasir yanaşmalarla təbliği sahəsində təcrübə mübadiləsinin aparılması məqsədi daşıyıb.
Seminar “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş elmi işçisi, BDU-nun dosenti Yunis Nəsiblinin moderatorluğu ilə baş tutub.
Tədbir iki əsas bölmə çərçivəsində tərəfdaş ölkələrin mütəxəssislərinin məruzələri ilə davam edib. I bölmədə
Azərbaycandan Musa Mursaquliyev (Keşikçidağ DTMQ-nin direktoru) — “Arxeoloji tədqiqatdan mədəni irsin təbliğinə: Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay Məktəbi təcrübəsi”
Özbəkistandan Ruzimurotova Safura Şamuratovna (“Səmərqənd” Dövlət Muzey-Qoruğu) — “Mədəni irsin qorunmasında çöl tədqiqatlarının əhəmiyyəti”,
Qazaxıstandan Dinara Sazanova (“Əzrət Sultan” Milli TMQ) — “Həzrət Sultan Türbəsini ziyarət edənlər: Türk xalqlarının ənənəvi ziyarət mədəniyyətinin təzahürü”,
Qırğızıstandan Xayrullo İbaydullayev Xəbibullayeviç (“Süleyman-Too” Milli TA-Muzey Kompleksi) — “Süleyman-Too Türk dünyasının sakral (müqəddəs) mərkəzi kimi”, II bölmədə isə
Azərbaycandan Pərviz Qasımov (AMEA Arxeologiya və Antropologiya İnstitutu) — “Keşikçidağ kurqanları”,
Qırğızıstandan İshaq Egemnazarov Sardarbekoviç (“Süleyman-Too” Milli TA-Muzey Kompleksi) — “Çingiz Aytmatovun humanizmi: milli köklərdən ümumbəşəri dəyərlərə doğru”,
Qazaxıstandan Nazerke Dulatova (“Əzrət Sultan” Milli TMQ) — “Yəsəvi Türbəsi: Ortaq irsin tədqiqi, qorunması və gələcək nəsillərə ötürülməsi”,
Özbəkistandan Navbahor Qarşiyevna Daliyeva (“Səmərqənd” Dövlət Muzey-Qoruğu) — “”Səmərqənd” Dövlət Muzey-Qoruğunun ekspozisiyalarında nümayiş olunan “Kafirqala panosu” haqqında” adlı məruzələrlə çıxış ediblər. Keçirilən beynəlxalq seminar Türk dövlətləri arasında arxeologiya, muzeyşünaslıq və mədəni irsin mühafizəsi sahəsində institusional əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də ortaq tarixi-mədəni irsin beynəlxalq müstəvidə daha geniş təbliği baxımından mühüm platforma rolunu oynayıb.
