08 avqust 2026-cı il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda keçirilən nəzəri və praktiki təlimlərin yekununa həsr olunmuş iclas keçirilib.

08 avqust 2026-cı il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda keçirilən nəzəri və praktiki təlimlərin yekununa həsr olunmuş iclas keçirilib.


Tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev ölkəmizdə elm sahələrinin müasir tələblərə uyğun rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 11 fevral 2026-cı ildə keçirilmiş müşavirədə ölkənin rəqəmsal gələcəyinin inkişafı ilə bağlı mühüm qərarların qəbul edildiyini və müəyyən edilmiş prioritetlərə uyğun olaraq “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq olunduğunu diqqətə çatdırıb.
F.Quliyev İnstitutun rəqəmsal inkişaf istiqamətində həyata keçirdiyi tədbirlər sırasında keçirilən təlimlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, 4–8 avqust tarixlərində türkiyəli mütəxəssislərin iştirakı ilə keçirilən nəzəri və praktiki təlimlər Azərbaycan arxeologiyasında rəqəmsal texnologiyaların tətbiqi baxımından yeni mərhələnin başlanğıcını qoyub.
İnstitut direktoru qeyd edib ki, ilk dəfə olaraq azərbaycanlı arxeoloqlar müasir rəqəmsal təsvirlərin yaradılması, 3D modellərin hazırlanması, ölçü məlumatlarının müxtəlif meyarlar üzrə təsnifatı, sənədləşdirmə texnologiyaları və müasir rəqəmsal metodlardan istifadə üzrə praktiki biliklər əldə ediblər. Bu biliklərin gələcəkdə arxeoloji tədqiqat ərazilərinin müasir standartlara uyğun rəqəmsal modellərinin hazırlanmasına imkan verəcəyi vurğulanıb.
Fərhad Quliyev təlimlərin keçirilməsində göstərdikləri dəstəyə görə türkiyəli mütəxəssislər – Ege Universitetinin doktoru Zafer Derinə, Manisa Celal Bayar Universitetinin tədqiqatçısı Şahin Menteşeyə və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisi Hilal Beydemirə təşəkkürünü bildirib. Eyni zamanda “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun kollektivinin təlimlərin təşkilindəki fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra çıxış edən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən mədəni irs nümunələrində aparılan elmi-tədqiqat işlərinə göstərilən diqqətdən danışıb. O, arxeoloji tədqiqatların rəqəmsallaşdırılması istiqamətində dövlət qurumları ilə elmi-tədqiqat müəssisələrinin əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
M.Mursaquliyev həmçinin keçirilən təlimlərin Azərbaycan ilə Türkiyə arasında elm və mədəni irs sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Türkiyəli mütəxəssislər Şahin Menteşe və Hilal Beydemir çıxışlarında Azərbaycanda göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər. Onlar təlimlər çərçivəsində Keşikçidağ və Şəmkir ərazilərində, eləcə də Gədəbəy rayonundakı Xarxar nekropolunda və Tovuz rayonundakı Göytəpə yaşayış məskənində aparılan tədqiqatlarla tanış olduqlarını və Azərbaycan arxeologiyasının böyük elmi potensiala malik olduğunu vurğulayıblar.
Təlimçilər bu istiqamətdə əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə və Azərbaycan ilə Türkiyənin arxeoloji tədqiqat sahəsində elmi mübadiləsinin daha da dərinləşəcəyinə ümidvar olduqlarını bildiriblər.
Şahin Menteşe türkiyəli təlimçilər adından təlimlərin təşkilatçılarına Türkiyənin qədim naxış üslubu ilə bəzədilmiş çini sini hədiyyə edib.
Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun doktorantı, gənc arxeoloq Aqil Əliyev çıxış edərək türkiyəli mütəxəssislərə və təlimlərin təşkilatçılarına təlim iştirakçıları adından təşəkkürünü bildirib. O, əldə olunan yeni bilik və bacarıqların arxeoloji çöl və kameral tədqiqatlarda tətbiqinin Azərbaycanın rəqəmsal arxeologiyasının inkişafına və beynəlxalq elmi müstəvidə daha geniş təmsil olunmasına mühüm töhfə verəcəyini qeyd edib.
Tədbirin rəsmi hissəsindən sonra türkiyəli təlimçilər tərəfindən abidələrin və qazıntı ərazilərinin 3D təsvirlərinin müxtəlif istiqamətlər üzrə emalı, həmçinin arxeoloji tapıntıların LiDAR texnologiyası vasitəsilə üçölçülü təsvirlərinin yaradılması üzrə son nəzəri-praktiki məşğələ keçirilib.
Beləliklə, 4 gün davam edən “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda nəzəri və praktiki təlimlər yekunlaşıb.
Təlimlərdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun gənc əməkdaşları ilə yanaşı, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Arxeologiya və etnoqrafiya” şöbəsinin əməkdaşları da iştirak ediblər.
Qeyd edək ki, təlimlər çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutu tərəfindən satınalmalar yolu ilə əldə edilmiş yeni avadanlıqlardan, o cümlədən Apple iPad Pro planşetlərindən istifadə olunub. Bu avadanlıqlar vasitəsilə arxeoloji abidələrin rəqəmsal sənədləşdirilməsi, LiDAR skanlaşdırılması və üçölçülü modellərinin hazırlanması üzrə praktiki işlər həyata keçirilib.

Spread the love