Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda keçirilən elmi-praktiki təlimlər “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində uğurla davam etdirilir.
Təlimlərin ikinci günü Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə Keşikçidağ Kurqanlar Vadisində, Sarıyoxuş və Yovşanlıdərə kurqanlarında keçirilib. Praktiki məşğələlər zamanı arxeoloji abidələrin müasir rəqəmsal texnologiyalar vasitəsilə sənədləşdirilməsi, ölçüləndirilməsi, fotofiksasiyası və rəqəmsal məlumatların işlənməsi istiqamətində təcrübə mübadiləsi aparılıb.
Həmçinin günün ikinci yarısı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında keçirilən təlim zamanı rəqəmsal memarlıq sənədləşdirməsinin nəzəri əsasları, müasir ölçmə və təsvir metodları, əldə olunan məlumatların sistemləşdirilməsi və arxivləşdirilməsi məsələləri barədə iştirakçılara ətraflı məlumat verilib.
