4–8 avqust 2026-cı il tarixlərində Türkiyə Respublikasının Ege Universiteti, Manisa Celal Bayar Universiteti və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin rəhbərliyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən kurqanlarda LiDAR texnologiyasının tətbiqinə dair elmi-praktiki çöl təlimləri davam edir.
Təlimlərin əsas məqsədi LiDAR texnologiyasının arxeoloji tədqiqatlarda tətbiqi, kurqanların və digər arxeoloji abidələrin müasir rəqəmsal üsullarla sənədləşdirilməsi, yüksək dəqiqlikli üçölçülü modellərinin hazırlanması və bu istiqamətdə müasir metodların mənimsənilməsidir.
Təlim proqramı çərçivəsində iştirakçılar LiDAR texnologiyasından istifadə qaydaları, sahə ölçmələrinin aparılması, əldə olunan məlumatların toplanması və emalı, rəqəmsal relyef modellərinin hazırlanması, eləcə də arxeoloji obyektlərin üçölçülü sənədləşdirilməsi üzrə praktiki məşğələlər həyata keçirirlər. Təlimlər zamanı müxtəlif kurqanlarda sahə tədqiqatları aparılır, əldə edilən nəticələr yerində təhlil edilərək müasir rəqəmsal metodların arxeologiyada tətbiqi imkanları qiymətləndirilir.
Elmi-praktiki çöl təlimləri Azərbaycan və Türkiyə mütəxəssisləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, müasir rəqəmsal texnologiyaların mədəni irsin qorunması və sənədləşdirilməsi sahəsində tətbiqinin inkişafına, eləcə də gələcək birgə elmi tədqiqatların həyata keçirilməsinə mühüm töhfə verir.
