31 iyul 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 1 Avqust “Azərbaycan Əlifbası və Ana dili” Günü münasibətilə tədbir keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycan dilinin dövlət dili kimi cəmiyyətdəki mühüm rolunun, milli-mənəvi dəyərlərin və dil mədəniyyətinin təbliği, ana dilinin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətinin vurğulanması, eləcə də Azərbaycan əlifbasının milli kimliyin formalaşmasında və qorunmasında oynadığı rola diqqət çəkmək olub. Eyni zamanda, gənclər arasında ana dilinə hörmət və məhəbbət hissinin gücləndirilməsi, düzgün və səlis nitq mədəniyyətinin təşviqi tədbirin əsas istiqamətlərindən biri olub.
Tədbirdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı Fazilə Hüseynova çıxış edərək Azərbaycan dilinin xalqımızın milli kimliyini, tarixi yaddaşını və mədəni irsini özündə yaşadan mühüm mənəvi sərvət olduğunu qeyd edib.
Həmçinin digər çıxışçılar da Azərbaycan əlifbasının keçdiyi tarixi inkişaf yoluna, əlifba dəyişikliklərinin milli-mədəni proseslərdəki roluna və müasir dövrdə Azərbaycan dilinin inkişaf perspektivlərindən bəhs ediblər. Eyni zamanda, ana dilinin zənginliyinin və saflığının qorunması, düzgün istifadəsi, xüsusilə gənc nəslin dilimizə və milli-mədəni irsimizə bağlılığının gücləndirilməsinin vacibliyi vurğulanıb.
Sonda ana dilimizin və milli əlifbamızın qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə layiqincə çatdırılması istiqamətində maarifləndirici tədbirlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
