“Mədəni irsin qorunması və arxeologiya: elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıq və gələcək perspektivlər” mövzusunda beynəlxalq onlayn elmi seminar keçirilib.

“Mədəni irsin qorunması və arxeologiya: elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıq və gələcək perspektivlər” mövzusunda beynəlxalq onlayn elmi seminar keçirilib.


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Qazaxıstan Respublikasının “Xan Ordalı Sarayşık” Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə “Mədəni irsin qorunması və arxeologiya: elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıq və gələcək perspektivlər” mövzusunda beynəlxalq onlayn elmi seminar keçirilmişdir.

BDU-nun dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin moderatorluğu ilə baş tutan seminarın əsas məqsədi mədəni irsin qorunması, arxeoloji tədqiqatların müasir vəziyyəti, bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və gələcək birgə elmi fəaliyyət istiqamətlərinin müzakirəsi olmuşdur. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş digər qoruqların əməkdaşları, Bakı Dövlət Universitetinin magistrantları, Xəzər Universitetinin tələbələri, universitet müəllimlərinin iştirakı ilə baş tutmuş tədbir Azərbaycan və Qazaxıstan arasında tarix, arxeologiya və mədəni irsin qorunması sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm elmi platforma kimi qiymətləndirilmişdir. Seminarı giriş nitqi ilə açan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev mədəni irsin qorunması və elmi tədqiqatların səmərəliliyinin artırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs etmiş, ortaq tarixi-mədəni dəyərlərin öyrənilməsi istiqamətində birgə elmi layihələrin, arxeoloji ekspedisiyaların, mütəxəssis hazırlığının və təcrübə mübadiləsinin vacibliyini vurğulamışdır.
Daha sonra “Xan Ordalı Sarayşık” Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru, tarix elmləri doktoru, professor Abilseit Kapizuliy Mukthar “Sarayşık muzey-qoruğunun elmi-tədqiqat fəaliyyəti və onun orta əsr abidələrinin qorunması, mühafizəsi və təbliğindəki rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Sarayşık şəhər yerinin arxeoloji potensialı, aparılan elmi tədqiqatlar, konservasiya və muzeyləşdirmə işləri, həmçinin bu zəngin irsin beynəlxalq elmi ictimaiyyətə tanıdılması istiqamətində görülən tədbirlər ətraflı təqdim olunmuşdur.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov “Keşikçidağ kurqanları” mövzusunda çıxış edərək Ceyrançöl ərazisində yerləşən kurqanların elmi əhəmiyyəti, son illərdə aparılmış arxeoloji qazıntılar, əldə olunmuş yeni nəticələr və onların Qafqazın qədim tarixi ilə bağlı elmi araşdırmalara verdiyi töhfələr haqqında məlumat vermişdir.
“Xan Ordalı Sarayşık” Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktor müavini Amangəldi Zhenisuly Zhumabayev “Aşısay Qızıl Orda şəhərciyində arxeoloji tədqiqatlar” mövzusunda çıxış edərək tədqiqatların məqsədi, metodologiyası, həmçinin Qızıl Orda dövrünün tarixinin öyrənilməsinə verdiyi töhfə haqqında məlumat vermişdir.
“Xan Ordalı Sarayşık” Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun baş müfəttişi Aibek Turaruly “Sarayşıq orta əsr şəhərciyinin arxeoloji cəhətdən öyrənilməsinin əsas mərhələləri” mövzusunda məruzə ilə çıxış edərək şəhər yerində müxtəlif dövrlərdə aparılmış arxeoloji tədqiqatların nəticələrini, əldə edilmiş maddi-mədəniyyət nümunələrini və gələcək tədqiqat perspektivlərini iştirakçıların diqqətinə çatdırmışdır.
Qoruğun elmi işçisi, arxeoloq Zhunis Rustemuly Baigaliyev “Qaraqaylı arxeoloji kompleksi: son tədqiqatlar və yeni məlumatlar” mövzusunda təqdimat edərək kompleksdə aparılan son araşdırmalar, yeni aşkar olunmuş arxeoloji materiallar və onların elmi əhəmiyyəti barədə geniş məlumat vermişdir.
Seminarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun könüllüsü İsrayıl Məmmədov “Gənclər, arxeologiya və mədəni irs: Keşikçidağ Yay Məktəbindən təəssüratlar” mövzusunda çıxış edərək yay məktəbinin gənclərin arxeologiyaya marağının artırılmasında, onların praktiki bilik və bacarıqlarının formalaşmasında, eləcə də mədəni irsin qorunmasına məsuliyyətli münasibətin inkişafında mühüm rol oynadığını qeyd etmişdir.
Seminar çərçivəsində iştirakçılar tərəfindən mədəni irsin mühafizəsində müasir yanaşmalar, arxeoloji irsin rəqəmsallaşdırılması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, birgə ekspedisiyaların təşkili və gələcək elmi layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Spread the love