“Ümumdünya Gənclər Bacarıqlar Günü” münasibətilə “Gənclərin mədəni irsin qorunmasında rolu” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Ağstafa Gənclər Evinin birgə təşkilatçılığı ilə 15 iyul “Ümumdünya Gənclər Bacarıqlar Günü” münasibətilə “Gənclərin mədəni irsin qorunmasında rolu” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi gənclərin mədəni irsin qorunması, öyrənilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi prosesində iştirakının əhəmiyyətini diqqətə çatdırmaq, bu istiqamətdə onların bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda mədəni irs nümunələrinə məsuliyyətli və həssas münasibətin formalaşdırılmasına töhfə vermək olmuşdur.
Gənc könüllülərin iştirakı ilə keçirilən tədbirdə ” Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi” layihələri çərçivəsində gənclərin rolu, könüllülük fəaliyyətinin bu sahədə yaratdığı imkanlar, ictimai maarifləndirmə təşəbbüslərinin əhəmiyyəti, eləcə də tarixi-mədəni irs nümunələrinin qorunmasına cəmiyyətin, xüsusilə də gənc nəslin fəal cəlb edilməsinin zəruriliyi barədə geniş fikir mübadiləsi aparılmışdır.Tədbirdə Ağstafa Gənclər Evinin əməkdaşı Aynurə Bayramova “Mədəni irsin qorunmasında gənclərin rolu”, “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun direktor müavini Lalə Yusifzadə ” Keşikçidağda arxeoloji yay məktəbləri: gənclərin intellektual və fiziki potensialının birləşdiyi platforma”, qoruğun baş fond mühafizəçisi Omarlı İsmayıl “Gənclərin bacarıqlarının İnkişafı və mədəni irsin qorunmasında onların rolu” , gənc könüllü Məmmədov İsrayıl “Keşikçidağda yay məktəbində uğurlu təcrübəm” adlı mövzularla çıxış etmişlər.
Çıxışlarda vurğulanmışdır ki, mədəni irsin qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin, xüsusilə də gənclərin fəal iştirakı ilə həyata keçirilə biləcək ümummilli vəzifədir. Bu baxımdan maarifləndirici tədbirlərin təşkili gənclərdə milli-mədəni dəyərlərə bağlılığın gücləndirilməsi, tarixi irsə sahiblik hissinin formalaşdırılması və mədəni irsin davamlı qorunmasına xidmət edən vətəndaş məsuliyyətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
