Keşikçidağ Kurqanlar Vadisində “Mənim ilk arxeoloji tapıntım” adlı maarifləndirici ekskursiya təşkil olunub.
10 iyul 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisində Ağstafa rayon UGİM-in S.Məmmədov adına Poylu kənd tam orta məktəbinin “Ekologiya dərnəyi”nin şagirdləri üçün “Mənim ilk arxeoloji tapıntım” adlı maarifləndirici ekskursiya təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi uşaqlarda Azərbaycanın zəngin tarixi və mədəni irsinə marağın artırılması, arxeologiya elmi haqqında ilkin bilik və təsəvvürlərin formalaşdırılması, qədim yaşayış məskənləri və kurqan abidələrinin elmi əhəmiyyəti barədə məlumatlandırılması, eyni zamanda milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində maarifləndirici fəaliyyətin gücləndirilməsi olmuşdur.
Ekskursiya çərçivəsində iştirakçılar Keşikçidağ Kurqanlar Vadisinin tarixi, burada aparılmış arxeoloji tədqiqatlar, aşkar edilmiş maddi-mədəniyyət nümunələri və onların Azərbaycan tarixinin öyrənilməsində rolu haqqında ətraflı məlumat əldə etmişlər. Qoruğun əməkdaşları tərəfindən uşaqlara arxeoloji qazıntıların aparılma metodları, tapıntıların aşkar edilməsi, sənədləşdirilməsi, konservasiyası və elmi cəhətdən öyrənilməsi prosesi sadə və əyani formada izah edilmişdir.
Tədbirin ən maraqlı hissəsini təşkil edən simvolik arxeoloji fəaliyyət zamanı uşaqlar xüsusi hazırlanmış sahədə ilkin arxeoloji axtarış prosesində iştirak etmiş, müxtəlif maddi-mədəniyyət nümunələrinin aşkar edilməsini praktik şəkildə müşahidə etmiş və bununla da arxeoloq peşəsinin xüsusiyyətləri ilə yaxından tanış olmuşlar. Bu praktiki məşğələ uşaqlarda tədqiqatçılıq bacarıqlarının, müşahidə qabiliyyətinin, tarixi irsə məsuliyyətli münasibətin və elmi düşüncə tərzinin formalaşdırılmasına mühüm töhfə vermişdir.
Ekskursiya zamanı iştirakçılara tarixi abidələrin qorunmasının dövlət və cəmiyyət qarşısında mühüm vəzifələrdən biri olduğu vurğulanmış, mədəni irsin yalnız elmi araşdırmalar üçün deyil, həm də milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin qorunması baxımından əvəzsiz əhəmiyyət daşıdığı diqqətə çatdırılmışdır Ekskursiya nın sonunda bütün şagirdlərə sertifikat təqdim edilmişdir.
Belə maarifləndirici tədbirlərin keçirilməsi uşaqların asudə vaxtının səmərəli təşkilinə, onların tarix və arxeologiyaya marağının artırılmasına, milli-mənəvi dəyərlərə bağlılıq hissinin gücləndirilməsinə, eləcə də gələcəkdə mədəni irsin qorunmasına məsuliyyətlə yanaşan vətəndaşların formalaşmasına xidmət edir.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən gələcək dövrdə də uşaqlar, yeniyetmələr və gənclər üçün tarixi-mədəni irsin təbliği, arxeoloji irsin tanıdılması və elmi biliklərin təşviqinə yönəlmiş bu kimi maarifləndirici layihələrin davam etdirilməsi nəzərdə tutulur.
