15 May — Beynəlxalq Ailə Günü münasibətilə Ağstafa Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə qoruq ərazisində yerləşən “İlham Əliyev adına Zirvə”də maarifləndirici və sosial-mədəni tədbir təşkil olunmuşdur. Şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi ailə institutunun cəmiyyət həyatındakı mühüm rolunun təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması, həmçinin şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi olmuşdur. Tədbir iştirakçıları ilk olaraq Keşikçidağ ərazisinin zəngin tarixi-mədəni irsi, qədim yaşayış məskənləri, qayaüstü təsvirləri və arxeoloji abidələri barədə ətraflı məlumatlandırılmış, qoruğun Azərbaycan xalqının milli yaddaşında və mədəni irs sistemində tutduğu xüsusi yer diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Keşikçidağ yalnız tarixi və arxeoloji baxımdan deyil, eyni zamanda milli-mənəvi dəyərlərin yaşadıldığı mühüm mədəni məkanlardan biridir. Tədbir çərçivəsində ailə dəyərlərinin cəmiyyətin inkişafındakı əhəmiyyətindən bəhs olunmuş, sağlam ailə modelinin formalaşdırılması, milli birlik və sosial həmrəyliyin gücləndirilməsi istiqamətində bu kimi təşəbbüslərin vacibliyi vurğulanmışdır. Çıxış edənlər şəhid ailələrinin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edərək, onların cəmiyyət üçün nümunəvi mövqeyini xüsusi dəyərləndirmişlər.
Eyni zamanda iştirakçıların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif əyləncəli və interaktiv proqramlar təşkil olunmuş, açıq hava şəraitində keçirilən tədbir iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanmışdır. Səmimi və mənəvi birlik ruhunda keçən tədbir ailə dəyərlərinin təşviqi, ictimai həmrəyliyin möhkəmləndirilməsi və tarixi-mədəni irsin təbliği baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
