Türk irsini və ortaq dəyərlərimizi qorumaq bizlərin əsas missiyasıdır. Qardaş Qazaxıstan Respublikası qoruqları Novruz bayramı münasibətilə “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruğu timsalında Azərbaycan xalqını təbrik etmişdir. Qazaxıstan Respublikasının “Sarayşık” Dövlət Tarix-Mədəniyyət Qoruq Muzeyi, “Həzrəti Sultan” Milli Tarix-Mədəniyyət Qoruğu, “Ejeli Taraz” Tarix-Mədəniyyət Muzey-Qoruğu və “Tanbalı” Dövlət təbiət və tarix-mədəniyyət qoruğu, tarix qoruğu arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilir. Bu əməkdaşlıq ortaq türk mədəni irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu çərçivədə tərəflər ortaq tarix və mədəniyyətin daha dərindən araşdırılması, elmi nəticələrin paylaşılması və yeni təşəbbüslərin həyata keçirilməsi üçün sıx əlaqələrin qurulmasında maraqlıdırlar. Bu videoçarx yalnız Azərbaycan və Qazaxıstan qoruqlarının bayram təbriki deyil, həm də ortaq köklərə, dəyərlərə və tarixi yaddaşa bağlılığın ifadəsi kimi mühüm əhəmiyyət kəsb edir.
Qoruqlar Novruzun yenilənmə, birlik və həmrəylik ruhunu əsas tutaraq bir-birinə səmimi təbriklərini çatdırır, xalqlarımıza sülh, rifah, bolluq və firavanlıq arzulayırlar. Eyni zamanda, bu əziz bayramın yaratdığı birlik ab-havasının gələcək əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə təkan verəcəyinə əminlik ifadə olunur. Gələcək perspektivdə tərəflər arasında birgə beynəlxalq layihələrin həyata keçirilməsi, ortaq mədəni marşrutların yaradılması, turizm potensialının inkişafı, gənc tədqiqatçıların cəlb edilməsi və rəqəmsal irs platformalarının qurulması kimi mühüm istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq yalnız iki ölkə arasında deyil, bütövlükdə türk dünyasının mədəni inteqrasiyasına, ortaq irsin qorunmasına və dünyaya tanıdılmasına xidmət edən strateji bir addım kimi qiymətləndirilir.
