Azərbaycanın zəngin tarixi-mədəni irsinin tədqiqinə dair növbəti elmi nailiyyət beynəlxalq elmi ictimaiyyətə təqdim olunmuşdur. Belə ki, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aparılmış arxeoloji tədqiqatların nəticələri dünyanın nüfuzlu elmi jurnallarından biri olan “Science, Education and Innovations in the Context of Modern Problems” (SEI) jurnalında dərc edilmişdir.
Məqalə “Arxeoloji yay məktəbləri pedaqoji platforma kimi: Sahə tədqiqatlarının, irs təhsilinin və mədəni kimlik formalaşmasının müasir Azərbaycanda praktik inteqrasiyası” mövzusundan bəhs edilən məqalə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov və “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva – tərəfindən hazırlanmışdır. Məqalədə Keşikçidağ Kurqanlar Vadisində aparılmış arxeoloji qazıntıların elmi nəticələri və onların mədəni-tarixi əhəmiyyəti geniş şəkildə təhlil olunmuşdur.
Bu nəşr, Azərbaycanın qədim maddi-mədəniyyət nümunələrinin beynəlxalq elmi müstəvidə tanıdılmasına, arxeoloji sahə tədqiqatlarının təhsil və pedaqoji aspektlərlə inteqrasiyasına, eləcə də milli-mədəni kimliyin qorunub inkişaf etdirilməsinə mühüm töhfə kimi dəyərləndirilir.
