Konfrans

Məlum edirik ki, Keşikçidağ mağaralar kompleksinin təbliğ edilməsi, tanıdılması, qədim tariximizin yaşadılması məqsədilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu mütamadi olaraq yerli və beynəlxalq arenalarda elmi məqalələr ilə iştirak edir. Bu işlər son iki ildə daha geniş vüsət almış, qoruq haqqında 50-yə yaxın yerli və beynəlxalq konfranslarda elmi məruzələrimiz dinlənilmiş, çap edilmişdir. Belə konfranslardan biri də 23-25 dekabr 2021-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş “2nd İnternational modern scientific research congress” adlı konfransdır. Bu konfransda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun aparıcı elmi işçisi Firuzə Məmmədova “Keşikçidağda aşkarlanmış silindirk möhür” adlı məqalə ilə iştirak etmiş və konfrans təşkilatçıları tərəfindən əməkdaşımıza Sertifikat təqdim edilmişdir. Həmçinin gələcəkdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və İKSAD arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə İKSAD -ın təşkilat komitəsinin sədri DR. Mustafa Latif Emeklə fikir mübadiləsi aparılmış və birgə konfransların keçirilməsi nəzərdə tutulmuşdur.Qeyd edək ki, Azərbaycan arxeologiyasında iz qoyacaq bu silindrik möhür Keşikçidağ kurqanlar vadisində aparılmış arxeoloji qazıntılar zamanı Sarıyoxuş dərəsi 2 saylı kurqandan aşkarlanmışdır. Tayfa başçısına məxsus olduğu ehtimal edilən steatit daşından hazırlanmış möhürün üzərində diqqət çəkən xüsusi işarələr vardır. Qədim inanclara görə bu daş vasitəsilə o dünya ilə ruhlarla əlaqə saxlamaq olurdu. Bu səbəbdən insanlar bu daşı əsasən boğazlarından asmışlar. Keşikçidağ kurqanlar vadisindən aşkarlanan bu əvəzsiz maddi-mədəniyyət nümunəsinin yazı və ya sadəcə insanların dini dünyagörüşləriylə bağlı olduğu mütəxəssislər tərəfindən araşdırılacaqdır.

Spread the love