“Bölgəmizin mədəni irsi”

Hörmətli izləyicilərimiz bu gündən “Bölgəmizin mədəni irsi” adlı layihəyə start veririk. Bu layihədə sizlərə qərb bölgəsinin qədim tarixə malik – tarixi, memarlıq, dini, arxeoloji abidələri haqqında məlumat verəcəyik. Bunlardan biri dünya əhəmiyyətli “Damcılı” mağarasıdır.
Damcılı mağarası – mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altında yerləşir.
Aveydağ mağaralar qrupundan ən böyüyüdür. Sahəsi 360 m 2-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metr olub, təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır.
Damcılı mağarasından tapılan nukleuslar 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Bundan əlavə mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri də aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası,forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezeolit dövrü və Neolit dövrünə aiddir.Damcılı mağarası Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşir.