Keşikçidağda Avropa Irs Günləri

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda qeyd edilən “Avropa İrs Günləri” çərçivəsində bu gün Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın dahi şairi Səməd Vurğunun Keşikçidağla bağlı “Rahibə qız və çoban” adlı rəvayəti aşığın müşayiəti ilə tədbir iştirakçılarına danışılmış, sıldırım qayalar üzərində musiqi alətləri tərəfindən musiqi nömrələri və milli geyimli rəqqaslar tərəfindən müxtəlif rəqslər ifa edilmiş, ərazidə at yarışı təşkil edilmiş, milli mətbəximizin ləziz təamlarından olan göy qutabı və samovar çayı hazırlanaraq iştirakçılara təqdim edilmişdir. Bunlardan əlavə, qoruq ərazisindən tapılmış maddi-mədəniyyət nümunələrindən ibarət pavilyon qurulmuş, buklet və flayerlər tədbir iştirakçılarına paylanılmışdır. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.