“Bölgəmizin mədəni irsi"


Gəncə-Qazax bölgəsinin ən iri arxeoloji abidələrindən biri olan Göytəpə qədim yaşayış yeri (neolit kəndi) Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşir.

Neolit dövrünə aid olan bu qədim yaşayış yeri digər neolit dövrünə aid təpələrin (Hacıəlləhmanlı, Hüseynqulu. Qarğalartəpə, Töyrətəpə) əhatəsində olub, bu günümüzədək ən yaxşı vəziyyətdə qalmış abidələrdən hesab edilir. Göytəpə Kiçik Qafqaz sıra dağlarının şərq hissəsinin arealına daxildir və 2 hektara yaxın ərazini əhatə edir. Araşdırmalara əsasasən əldə olunan nəticələr Göytəpə qədim yaşayış yerinin, Azərbaycanda və ümumən Cənubu Qafqazda e.ə. VI minilliyə aid son neolit dövrünün inkişaf etmiş mərhələsini əks etdirən erkən kəndlərdən olduğunu təsdiq edir. Azərbaycanda bizim eradan əvvəl VI minilliyə aid olan erkən əkinçilik və maldarlıq təsərrüfatı, ilkin keramikanın istifadəsi kimi neolit dövrünün bütün əsas atributlarını özündə cəmləşdirir. Göytəpə qədim yaşayış yerində Azərbaycan və Yaponiya tədqiqatçılarından təşkil olunmuş yaradıcı kollektiv altı il ərzində 1000 kvadrat metrdən artıq sahədə araşdırmalar aparmışdır. Qazıntılar zamanı məlum olmuşdur ki, qədim yaşayış yerinin mədəni təbəqəsi 10 metrdir. Abidənin stratiqrafik cəhətdən əsaslı araşdırılması yaşayış yerinin 13 memarlığ horizontunu üzə çıxarmışdır. Yəni qədim yaşayış yeri mövcud olduğu dövrdə Göytəpə sakinləri tərəfindən 13 dəfə tikinti prosesinə məruz qalmışdır.

Göytəpə qədim yaşayış yerinin əsas xüsusiyyəti, burada qazıntılar zamanı aşkar olunmuş arxeoloji materialların çox hissəsinin yaxşı vəziyyətdə olması ilə izah olunur. Göytəpə sakinlərinin təsərrüfat həyatında sümükişləmənin xüsusi yer tutması diqqətə layiq hadisə idi.

Sümükdən düzəldilmiş nümunələr əsasən bizlər, iynələr, qaşovlar, əkin üçün əl oraqları, kürəklər, maral buynuzundan toxalar, çoxlu sayda balta və sıra digər məmulatlara da rast gəlinmişdir.

Spread the love