27 Sentyabr – Anım Günü ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Tarix yazan qəhrəmanlar gənclərin gözlərində” adlı tədbir təşkil olunmuşdur.
Gənclərin və könüllülərin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, Vətən müharibəsi həqiqətlərini gənc nəslə çatdırmaq, onların milli-mənəvi dəyərlərə, Vətənə və dövlətçilik ənənələrinə bağlılığının gücləndirilməsinə töhfə vermək olmuşdur.
Tədbirə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.
Daha sonra iştirakçılara Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfəri, xalqımızın milli həmrəyliyini, Azərbaycan Ordusunun qəhrəmanlığını və şəhidlərimizin Vətən qarşısında göstərdiyi misilsiz fədakarlığı əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə baş tutmuş 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının tarixində mühüm mərhələ olmaqla yanaşı, milli iradənin, birlik və həmrəyliyin, Vətən sevgisinin parlaq nümunəsi kimi tarixə düşmüşdür.
