11 yanvar 2025-ci il tarixində Ağstafa rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayonu üzrə Təhsil sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Ağstafa rayon ümumtəhsil müəssisələrinin gənclərin çağırışaqədərki hərbi hazırlığı və fiziki tərbiyə müəllimlərininin iştirakıyla Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan olunması ilə əlaqədar “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü” adlı intellektual yarış keçirilmişdir. Ağstafa rayon Vurğun qəsəbə tam orta məktəbdə keçirilən yarışda əsas məqsəd cəmiyyəti vətənpərvərlik ruhunda istiqamətləndirmək və qoruq ərazisində yerləşən abidələrin təbliğidir. Tədbirdə yarış iştirakçıları ilk öncə qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələrindən və qoruğa məxsus çap məhsullarından ibarət sərgi ilə tanış olmuşlar. Ağstafa rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayonu üzrə Təhsil sektorunun məsul şəxsləri və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun məsul şəxslərinin iştirak etdiyi intellektual yarışda ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tərkibində Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının olduğu münsiflər heyətinin iştirakı ilə intellektual yarışa start verilmişdir. İştirakçılar, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan Respublikasının Konstitusiyası, o cümlədən bölgəmizin tarixi irsinə həsr olunmuş 30 sual üzrə yarışmışlar. Suallar çətinlik dərəcəsinə görə qruplaşdırılmış və yarış 3 mərhələdə təşkil olunmuşdur. 31 komandadan ibarət olan intellektual yarışın sonunda Ağstafa rayon 1 saylı tam orta məktəbin müəllimlərindən təşkil olunmuş “Zəfər” komandası 1-ci yeri, Dağkəsəmən kənd 1 saylı tam orta məktəbin “Avey” komandası 2-ci yeri, Muğanlı kəndi tam orta məktəbin “Tağlar” komandası isə 3-cü yeri tutmuşdur. Qaliblər Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən sertifikatla təltif ediləcək və mükafatlandırılacaq.