18 aprel 2024-cü il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar tədbir təşkil olunmuşdur.

18 aprel 2024-cü il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar tədbir təşkil olunmuşdur. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü əsasında qoruq ərazisində yerləşən “İlham Əliyev adına zirvə”də təşkil olunmuşdur. Tədbirin keçirilməsində əsas məqsəd mədəni irsimizin təbliği işinin genişləndirilməsi, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına diqqət çəkmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyət və gənc nəslin diqqətini yaşıllıqların qorunmasına və artırılmasına yönəltməkdir. Tədbirdə Ağstafa rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon üzrə Təhsil Sektoru, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, YAP Ağstafa rayon təşkilatı, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi, Ağstafa rayonunda fəaliyyət göstərən gənc könüllülər, rayon ziyalıları və qoruq ərazisində elmi-tədqiqat işləri aparmış alimlər də iştirak etmişlər. Tədbir iştirakçıların “İlham Əliyev adına zirvə”də qarşılanma mərasimi ilə başlamışdır. Qonaqlar ilk öncə Keşikçidağ kurqanlar vadisindən arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri və çap məhsullarından ibarət sərgi ilə tanış olmuşlar. Tədbirin rəsmi hissəsini qoruğun direktoru Musa Mursaquliyev açaraq bu əlamətdar günün əhəmiyyətindən bəhs etmişdir. Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucov çıxış edərək bildirmişdir ki, 2024-cü ilin 18 aprel tarixində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP 29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar ölkə ərazisində, o cümlədən Ağstafa rayonunda silsilə tədbirlər həyata keçirilir. Həmçinin cənab başçı abidələrin təbliği ilə bağlı görülən işlərdən və abidələrin qorunmasının vacibliyindən söhbət açmışdır. Daha sonra qonaqlar ərazidə yerləşən mağaralar , onların divar və tavanlarında əks olunmuş freskalarla tanış olmuşlar. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “İlham Əliyev adına zirvə” ətrafında salınmış “Badam bağı”nda 100 ədəd ağac tingi əkilmiş və suvarılmışdır. Tədbir iştirakçıları asudə vaxtlarını daha səmərəli keçirmək məqsədilə kamplar quraraq, Keşikçidağ mağaralar kompleksinin əsrarəngiz təbiətini və tarixi abidələrini əks etdirən rəsmlər çəkmiş, bacardıqları musiqi alətlərində mahnılar , “Tərəkəmə” və “Uzundərə” rəqsini ifa etmişlər.
Tədbir Ağstafa şəhər H.Arif adına Uşaq Musiqi Məktəbinin uşaqlarının konsert proqramı ilə başa çatdırılmışdır.
Tədbirdə Azərbaycan Televiziyası (AzTv), Dünya TV, İnter AZ, Səs TV kimi Televiziya kanalları çəkiliş aparmışdır.
Tədbir zamanı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktor müavini Lalə Yusifzadə tədbirin keçirilməsinin əsas məqsədi haqqında, tədbir iştirakçısı Zibeydə Hacıyeva isə tədbirin qonaqlarda yaratdığı təəssüratlar barədə Televiziya kanallarına müsahibə vermişdir.


Spread the love