Hörmətli izləyicilərimiz “Bölgəmizin mədəni irsi” layihəsi çərçivəsində sizlərə bu gün “Qırmızı körpü” haqqında danışacağıq.
“Qırmızı körpü” köhnə karvan yolunun üzərində, Xramçayın üstündən atılmış, el arasında “Sınıq körpü” adıyla tanınmışdır. XII yüzilliyin bənzərsiz və möhtəşəm abidələrindən biri olan bu tarixi tikili geniş tədqiq edilmişdir. Azərbaycan memarlığın gözəl nümunələrindən biri olan körpünün uzunluğu 175 metrdir.
Sahil bölümlərinin içərisində iri karvansaraların olması körpünün o dövrdə böyük əhəmiyyət daşıdığını və onun həm də öz ətrafında mühüm ticarət qovşaqlarından birini təşkil etdiyini göstərir. Bütün göstəricilərinə – məkan quruluşu, tikinti texnikası, bədii memarlıq üslubu və s. kimi xüsusiyyətlərinə görə Qırmızı körpü Azərbaycan memarlığının ən qiymətli abidələrindəndir.
Qırmızı körpü uzun olsa da cəmi dörd aşırımlıdır. Belə aşırım azlığının əsas səbəbi çay yatağının geoloji quruluşu ilə bağlıdır. Belə ki, Azərbaycanın körpütikmə təcrübəsində aşırımların dayağı üçün bir qayda olaraq çay yatağında olan möhkəm qayalıqlar özül kimi seçilirdi.
Başdan-başa bişmiş kərpiclə üzlənmiş və buna görə də “Qırmızı körpü” adlandırılan abidə, iri və saya biçimlərlə işlənmişdir.