Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti cənab Mahmud Kərimova göndərdiyi 3171/09 saylı, 25.11.2008-ci il tarixli, “Keçikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda təsadüfən aşkar edilmiş qəbirlərin tədqiqi ilə əlaqədar məktuba əsasən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aşağıdakı tərkibdə ekspedisiyası 2008-ci il dekabrın 7-də Ağstafa rayonuna ezam edilmişdir:
- Nəcəf Müseyibli – ekspedisiyanın rəisi, İnstitutunun elmi işlər üzrə direktor müavini, arxeoloq, t.e.n.
- Dmitri Kiriçenko – antropoloq, t.e.n.
- Anar Ağalarzadə – arxeoloq, elmi işçi.
Ekspedisiya üzvlərinin yerləşməsi və işləməsi üçün lazımi şərait yaratdığına görə qoruğun müdiri Musa Mursaquliyevə minnətdarlığımızı bildiririk.
Qoruq Ceyrançöldə, Gürcüstan sərhəddinə yaxın ərazidə, dağların cənub və cənubi-şərq tərəfdəki qum daşından ibarət sıldırımlarında orta əsrlər dövründə qazılmış mağaralardan ibarət monastr kompleksidir. Qoruğa daxil olan mağaralardan ibarət sahələrdən birində (şəkil 1) qoruq əməkdaşları tərəfindən aparılan təmizlik-abadlaşdırma işləri zamanı 19N-li mağarada (şəkil 2) 3 ədəd qəbir aşkar edilmişdir (şəkil 3-4). Mağaranın içərisi demək olar ki, kvadrat formalıdır: 5,5m x 5,1m. Döşəmədən tavana qədər maksimal hündürlük 3,2 m-dir.
Qəbirlər mağaranın şimal və qərb hissələrini əhatə edir. Onlar qum daşından ibarət döşəmədə səliqə ilə qazılmışdır. Qəbirlərin aşağı yuxarı hissəsi kənarlara doğru pilləşəkilli qaydada genişləndirilmişdir. Bunda məqsəd iri sal daşları aşağı pillədən qoymaqla qəbirlərin ağzını mağaranın döşəməsinin səthi ilə eyni səviyyədə bağlanması idi. Qəbir kameralarının hamısı şimali-qərb-cənubi-şərq istiqamətlidir (şəkil 3-4)
İki qəbirdə – 1 və 2 N-li qəbirlərdə insanlar dəfn olunmuşdur. Qəbirlərdən sərdabə kimi (sərdabə-bir neçə və daha artıq sayda insanların dəfn edildiyi qəbir) istifadə edilmişdir. 3N-li qəbir kamerasının içərisi çöl quşlarının peyini və az miqdarda narın torpaqdan təmizləndi. Onun içərisinin tamamilə boş olduğu və burada dəfnin icra edilmədiyi müəyyən olundu. 3N-li qəbirlə yanaşı, giriş qapısına yaxın yerdə daha bir qəbirin 6-7 sm dərinlikdə və 10sm enində kanal vasitəsi ilə konturları qazılmışdır. Lakin, burada qəbir kamerasının qazılması işi sona çatdırılmamışdır. Görünür, 19N-li mağara monastr məqsədi ilə deyil, xristian müqəddəslərinin dəfni üçün istifadə edilmişdir. Qoruq kompleksinə daxil olan digər sahələrdəki mağaraların bəzilərində də qəbirlərin aşkar ediləcəyi istisna deyildir.
Qəbirlər qazılma ardıcıllığı üzrə şərti olaraq nömrələnmişdir (şəkil 5-6).
1 N-li qəbir giriş qapısı ilə üzbəüz divarla yanaşı aşkar edilmişdir. Qəbir kamerasının bir tərəfi digər tərəfindən ensizdir.
Qəbir kamerası narın torpaqdan təmizlənərkən onun döşəməsində 3 insana məxsus skletlər aşkar edilmişdir. Sümüklər qarışmış və onların nizamı pozulmuşdur. Kəllə sümükləri bir-birinə yanaşı şəkildə qəbir kamerasının şimali-qərb hissəsində aşkar edilmişdir. Burada insanlar ayrı-ayrı vaxtlarda dəfn edilmişdir. Növbəti ölən insanın meyidi qəbirə qoyularkən əvvəlki meyidə məxsus sümüklər qəbir kamerasının divarlarına doğru kənarlaşdırılmışdır. Bu səbəbdən də qəbirdəki sümüklər qarışmış və onların nizamı pozulmuşdurş sümüklər torpaqdan təmizləndikdən sonra qəbir kamerasının üstü sal daşlarla qapadıldı.
Qəbirin ölçüləri: Uzunluğu – 195sm
Eni – şimali-qərbdə – 95sm, cənubi-şərqdə – 80 sm.
Pilləşəkilli yuxarı hissənin eni – 10sm, hündürlüyü – 25sm-dir.
Qəbirin dərinliyi – 135 sm-dir.
2 N-li qəbir birincidən şimali-qərbdə olmaqla mağaranın şimal küncünü əhatə etmişdir. Qəbirin içərisi quş peyini qarışıq narın torpaqla dolmuşdur. Kameranın döşəməsində bir-birinə qarışmış iki insana məxsus sümüklərin olduğu müəyyən edildi. Kəllə sümükləri qəbirin şimali-qərb hissəsində yanaşı vəziyyətdə aşkar edilmişdir. Kəllə sümükləri parçalandığından onların ölçülərinin götürülməsi mümkün olmadı. Sümüklərin üstü torpaqla örtüldü.
Qəbirin ölçüləri: Uzunluğu – 195 sm.
Eni – 97 sm.
Pilləşəkilli yuxarı hissənin eni – 5-13 sm.
Hündürlüyü – 30 sm.
Qəbirin dərinliyi – 120 sm.
3 N-li qəbir 2N-li qəbirlə yanaşı qazılmışdır. Qəbirin içərisi tam təmizləndi və orada hər hansı bir dəfnin icra edilmədiyi müəyyən olundu.
Ölçüləri: uzunluğu – 2m
eni – 87sm
Pilləşəkilli yuxarı hissənin eni sonluqlarda – 5sm, yanlarda – 33sm,
hündürlüyü – 30sm
Qəbirin dərinliyi – 155 sm.
Qəbirlər orta əsrlər dövrünə aiddir. Onların dəqiq yaşı barədə konkret fikir söyləmək çətindir. Qəbirlərin heç birində arxeoloji materiallar aşkar edilməmişdir. Yalnız 1 N-li qəbirin torpağı təmizlənərkən 40sm dərinlikdə yastı-uzunsov çay daşı tapılmışdır. Daşın yan tərəflərində işlənmə izləri vardır. Belə işlənmiş daşlar tarixin müxtəlif mərhələlərinə aid abidələrdən aşkar edilmişdir.Bu daşın1N-li qəbirə nə zaman və hansı şəraitdə düşməsi məlum deyil. Qəbirdən iki ədəd sümük radiokarbon analizi üçün götürüldü.Yalnız bu analizdən sonra qəbirlərin dəqiq yaşını müəyyən etmək mümkündür.
Yuxarıda qeyd edildiyi kimi 1N-li qəbirdə yaxşı saxlanmış 3 ədəd kəllə sümüyü aşkar edilmişdir. Yalnız bu kəllələrin ölçülərini götürmək və onların antropoloji tipini müəyyən etmək mümkün olmuşdur.
1N-li kəllə (şəkil 7-8) braxikrandır (braxikran – girdəbaş). Sifəti yuxarıdan aşağı batıq və enlidir. Dik və orta ölçülü eni olan buruna malikdir. Başın arxa hissəsi yastıdır. Göz çuxurları hündür və enlidir. Yevropoid mənşəli olub Kafkasion və Ön Asiya antropoloji tiplərinin metis qarışığını özündəəks etdirən İberiya antropoloji tipinə aiddir. Bu antropoloji tip şərqi Gürcüstanın gürcü əhalisi üçün səciyyəvidir. İberiya antropoloji tipini ilk dəfə gürcü antropoloqu M.Q.Abduşelişvili XX əsrin 60-cı illərində müəyyən etmişdir.
2N-li kəllə (şəkil 9-10) braxikrandır. Sifəti enli və yastıdır. Burnu orta hündürlükdə və orta endədir. Göz çuxurları çox da hündür olmayıb enlidir. Yevropoid mənşəli olub Kafkasion və Kaspi tiplərinin metis qarışığını özündə əks etdirir. Bu tipə Böyük Qafqazın həm gürcü, hem də azərbaycanlı əhalisi arasında rast gəlinir.
3N-li(şəkil 11-12) dolixokrandır (dolixokran-uzunbaş).Sifəti orta hündürlükdə və orta endədir. Burnu nazik və orta hündürlükdədir. Göz çuxurları orta hündürlükdə olub çox da enli deyildir. Yevropoid mənşəli kaspi tipine aiddir. Bu tip azerbaycanlılara aid olub, Azerbaycan ərazisində mezolit dövründən bu günə qədər bütün tarixi mərhələlərdə rast gəlinir.
“Keşikçidağ”dan aşkar edilmiş insan kəllə sümüklərinin ölçü göstəriciləri aşağıdakı cədvəldə verilmişdir:..
N | Əlamətlər | Kəllə N1 | Kəllə N2 | Kəllə N3 |
1 | Uzunluq ölçüsü | 165 | 177 | 187 |
8 | En ölçüsü | 142 | 144 | 137 |
17 | Hündürlük ölçüsü | 126 | 134 | 134 |
8:1 | Kəllə göstəriciləri | 86 | 81,4 | 73,3 |
45 | Sifətin eni | 143 | 139 | 132 |
48 | Sifətin hündürlüyü | 64 | 65 | 73 |
51 | Göz çuxurunun eni | 44 | 44 | 39 |
52 | Göz çuxurunun hündürlüyü | 36 | 33 | 34 |
54 | Burunun eni | 25 | 26 | 24 |
55 | Burunun hündürlüyü | 55 | 52 | 53 |
İslam dininin Cənubi Qafqazda yayılması ilə əlaqədar olaraq Gürcüstanla həmsərhəd bölgədə yaşayan alban əhalisinin kiçik bir qismi gürcü xristianlığının təsir dairəsində qalmış və tədricən assimilyasiyaya uğramışdır. “Keşikçidağ” qoruğundakı 1N-li qəbirdə həm gürcü, həm də azərbaycanlılara məxsus kəllələrin aşkar edilməsi məhz bu tarixi hadisələrlə izah oluna bilər. Buradakı 2 və 3 N-li kəllələr orta əsrlərdə assimilyasiyaya uğrayaraq gürcüləşmiş albanlara aiddir.
Bu faktları əsas götürərək “Keşikçidağ” qoruğunu Azərbaycan – Gürcüstan dostluq və mədəniyyət əlaqələrinin rəmzi kimi tanıdılmasını məqsədə uyğun hesab edirik.
Ekspedisiyanın rəisi: N.Ə.Müseyibli