22 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və Ağstafa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 25 oktyabr “Qubadlı şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əsas məqsədi Qubadlı şəhərinin tarixi, mədəni irsi və işğaldan azad olunmasının əhəmiyyəti barədə məlumatlandırma aparmaq, Vətən müharibəsində qazanılmış Zəfərin tarixi əhəmiyyətini gənc nəslə aşılamaq, milli-mənəvi dəyərlərə bağlılığı və vətənpərvərlik ruhunu gücləndirmək olub.
Tədbirdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı çıxış edərək Qubadlı şəhərinin tarixi keçmişi, zəngin mədəni irsi, eləcə də şəhərin azadlığı uğrunda aparılan mübarizə və qazanılmış tarixi Zəfər haqqında ətraflı məlumat verib. Çıxışda Qubadlının dirçəlişi, tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
