Bakıdan Keşikçidağa:Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə tur.
Son dövrlər Qərb bölgəsində yerləşən tarixi abidələrə, o cümlədən Ağstafa rayonundakı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə maraq artmaqdadır. 11 oktyabr 2026-cı il tarixində Bakı şəhərindən olan bir qrup ziyarətçi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda olub.
Ziyarətin məqsədi AMEA Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsi çərçivəsində aparılan arxeoloji tədqiqatlarla və Keşikçidağ mağaralar kompleksi ilə yaxından tanış olmaq olub. Qonaqlar əvvəlcə Keşikçidağ Kurqanlar Vadisində yerləşən Sarıyoxuş kurqanlarında aparılan arxeoloji qazıntı işlərini və əldə olunmuş artefaktları nəzərdən keçiriblər. Ekspedisiyanın rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədov ziyarətçilərə tədqiqatların gedişi, qazıntı prosesi və aşkar edilən arxeoloji materiallar haqqında ətraflı məlumat verib. Daha sonra ziyarətçilər “İlham Əliyev adına zirvə” və bu istiqamətdə yerləşən mağaralar kompleksində olublar.
Mağaraların divar və tavanlarında qorunub saxlanılan freskalar, su quyuları və ərzaq anbarları haqqında qoruq ərazisində uzun illər elmi tədqiqat işləri aparmış AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, daş dövrü üzrə mütəxəssis Azad Zeynalov turistlərə məlumat verib. Bu cür ziyarətlər Keşikçidağın zəngin arxeoloji və tarixi-mədəni irsinin tanıdılması, elmi tədqiqatlara ictimai marağın artırılması və mədəni irsin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
