Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən 2021–2025-ci illər ərzində ardıcıl olaraq “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” layihələri həyata keçirilmişdir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən 2021–2025-ci illər ərzində ardıcıl olaraq “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” layihələri həyata keçirilmişdir. Aparılmış arxeoloji qazıntılar zamanı orta tunc, son tunc–erkən dəmir dövrünə aid çoxlu sayda artefaktlar aşkar edilmiş, layihələrin nəticələri nüfuzlu beynəlxalq mətbuatda işıqlandırılmışdır.


Layihənin elmi-tədqiqat və maarifləndirmə istiqamətlərinin davamı olaraq “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 6” layihəsinin keçirilməsi nəzərdə tutulur. Layihəyə hazırlıq çərçivəsində gənclərin arxeoloji irslə ilkin tanışlığının təmin edilməsi, onların layihənin məqsəd və istiqamətləri barədə məlumatlandırılması, eləcə də gələcəkdə könüllü fəaliyyətə cəlb olunması məqsədilə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun gənc könüllüləri “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında qonaq olmuşlar.

Gənclər əvvəlcə Keşikçidağ Kurqanlar Vadisində yerləşən arxeoloji abidələrdə əvvəlki illərdə aparılmış qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələrindən ibarət muzey tipli stendlə tanış olmuşlar. Qoruğun əməkdaşları tərəfindən artefaktların tarixi-mədəni əhəmiyyəti, xronoloji xüsusiyyətləri və yayılma arealı barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

Görüşün davamında qoruq ərazisində əvvəlki illərdə həyata keçirilmiş arxeoloji qazıntılar və yay məktəbi layihələrinə dair videomateriallar nümayiş etdirilmiş, gənclərə arxeoloji tədqiqatların əsas mərhələləri, qazıntı metodları, aşkar olunan materialların sənədləşdirilməsi və elmi tədqiqi barədə məlumat verilmişdir. Eyni zamanda, “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 6” layihəsi çərçivəsində nəzərdə tutulan fəaliyyətlər və gənclərin layihədə könüllü kimi iştirak imkanları barədə fikir mübadiləsi aparılmışdır.

Görüşün əsas məqsədi gənclərin arxeoloji irsə marağının artırılması, onların milli-mədəni irsin qorunması istiqamətində maarifləndirilməsi və “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 6” layihəsi çərçivəsində elmi-tədqiqat və könüllülük fəaliyyətlərinə cəlb olunmasına dəstək göstərmək olmuşdur.

Spread the love