24 avqust 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları Tovuz rayonunda yerləşən Göytəpə Neolit yaşayış məskənini ziyarət ediblər.

24 avqust 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları Tovuz rayonunda yerləşən Göytəpə Neolit yaşayış məskənini ziyarət ediblər.


Səfər çərçivəsində qoruq əməkdaşları Göytəpədə aparılan arxeoloji tədqiqatlarla yaxından tanış olublar. Arxeoloji qazıntı işlərinə rəhbərlik edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərov qoruq əməkdaşlarına abidənin tarixi, arxeoloji əhəmiyyəti, aparılan tədqiqatların nəticələri və onun mühafizəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Göytəpə yaşayış məskəni Cənubi Qafqazın ən mühüm tarixəqədərki arxeoloji abidələrindən biri hesab olunur.

Qazıntılar zamanı burada minilliklər ərzində saxlanılmış zəngin memarlıq qalıqları, əmək alətləri və qədim təsərrüfat fəaliyyətinin izləri aşkar edilib. Tovuz şəhərindən təxminən 10 kilometr şərqdə yerləşən abidə 2 hektara yaxın ərazini əhatə edir; diametri təxminən 145 metr, hündürlüyü isə 9 metrdir. Göytəpənin elmi əhəmiyyəti yalnız onun qədimliyi ilə məhdudlaşmır. Abidə insanların ovçuluq və yığıcılıqdan oturaq həyata, əkinçilik və maldarlığa keçid prosesinin formalaşmış mərhələlərini öyrənmək baxımından mühüm mənbədir. Burada yaşamış insanların daimi yaşayış məskənləri saldığı, evlər tikdiyi, taxıl becərdiyi, heyvan saxladığı, ərzaq ehtiyatları toplayaraq keramika, daş və sümük alətlər hazırladığı diqqətə çatdırılıb. Bütün bu elmi nəticələr Göytəpənin təxminən 8 min illik tarixə malik yaşayış məskəni olduğunu sübut edir.
Arxeoloji qazıntılardan zəngin təəssüratlarla ayrılan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da öz fikir və təəssüratlarını bölüşüblər. Onlar Göytəpədə aparılan uğurlu arxeoloji tədqiqatları yüksək qiymətləndirərək, bu cür qədim abidələrin öyrənilməsi və təbliği istiqamətində təcrübə mübadiləsinin müstəsna əhəmiyyət daşıdığını vurğulayıblar.

Spread the love