Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə Ağstafa rayonunda keçiriləcək LiDAR texnologiyasının tətbiqinə dair elmi-praktiki çöl təlimləri çərçivəsində Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislər “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında qonaq olublar.Qonaqlar sırasında Ege Universitetinin dosenti, tarix üzrə doktor Zafer Derin Manisa Celal Bayar Universitetinin tədqiqatçısı Şahin Menteşe və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəqəmsal memarlıq üzrə mütəxəssisi Hilal Baydemir yer alıblar.
Səfər çərçivəsində qonaqlar əvvəlcə qoruğun inzibati binasında yaradılmış kiçik muzey tipli stendlə ilə tanış olublar. Onlara Keşikçidağ ərazisində aparılmış elmi-arxeoloji qazıntılar zamanı aşkar edilmiş artefaktlar, onların elmi əhəmiyyəti, xronologiyası, konservasiya prosesi və fond mühafizəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Xüsusilə Son Tunc – Erkən Dəmir dövrünə aid kurqanlardan əldə edilmiş maddi-mədəniyyət nümunələri, keramika məmulatları, metal tapıntılar, əmək alətləri, silah nümunələri və digər arxeoloji materiallar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra qoruğun inzibati binasında dəyirmi masa formatında işgüzar görüş keçirilib. Görüş zamanı iştirakçılara “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun fəaliyyəti, ərazidə aparılan elmi-arxeoloji tədqiqatlar, son illərdə əldə olunmuş mühüm elmi nəticələr, həyata keçirilən beynəlxalq əməkdaşlıq layihələri və gələcək inkişaf perspektivləri haqqında geniş təqdimat edilib.
Müzakirələr zamanı qarşıdakı 4 gün ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət planı da ətraflı müzakirə olunub. Təqvim planına uyğun olaraq LiDAR texnologiyası vasitəsilə kurqanların üçölçülü rəqəmsal sənədləşdirilməsi, sahə ölçmələrinin aparılması, toplanmış məlumatların emalı, rəqəmsal modellərin hazırlanması, seçilmiş arxeoloji obyektlərdə elmi müşahidələrin aparılması, əldə olunan nəticələrin qiymətləndirilməsi və gələcək birgə elmi fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Görüş zamanı Türkiyə və Azərbaycan mütəxəssisləri arasında elmi təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, müasir rəqəmsal texnologiyaların arxeologiyada tətbiqinin genişləndirilməsi, mədəni irsin beynəlxalq standartlara uyğun sənədləşdirilməsi və gələcəkdə ortaq elmi layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
